Son dəqiqə

Türkiyə Almaniya

Türkiyənin zəlzələ bölgələrində "Tiny House"- lar istifadəyə veriləcək

Bakı. TurkicWorld:

Türkiyənin zəlzələ bölgələrində "Tiny House"- lar istifadəyə veriləcək.

TurkicWorld-un məlumatına görə, Almaniyada Kiçik Evlərin layihələndirilməsi və istehsalı ilə məşğul olan daxili memar Ayşe Zülal Çakıcı, 4000 könüllü ilə Türkiyədə zəlzələdən zərər çəkmiş 100 ailə üçün “Tiny House” ("Nümunə Evlər") adlı ekoloji kənd qurur. Hatay Qubernatorluğu tərəfindən verilən 66 dekar ərazidə tikiləcək “Nümunə evlər”, aprel ayının sonunda istifadəyə veriləcək.

“Mən universiteti bitirəndən bəri Tiny House layihələri üzərində işləyirəm. İki layihə üzərində işləyərkən Türkiyədə baş verən zəlzələ xəbəri ilə həyatımız dəyişdi. Dağılmış evləri ilk gördüyüm andan etibarən, "Kiçik Ev"- lərin zəlzələ qurbanları üçün ən yaxşı həll yolunun olduğunu düşündüm. Zəlzələnin ertəsi günü qərara gəldim ki, dərhal "Kiçik Ev" tikib əraziyə göndərim. Amma mənim belə gücüm yox idi. Mən sosial şəbəkədə bu niyyətimi izah edən paylaşım etdim. İndiyə qədər işlədiyim və pul qazandığım şirkətləri etiketlədim. Bu istəyimi əks etdirən yazını tikinti və memarlıq sənayesindən dostlarımla böyük bir WhatsApp qrupuna göndərdim. Təbiətdə minimalist həyat tərzi təklif edən "Tiny House"- lar indi zəlzələ qurbanlarını qucaqlayacaq",- deyə Ayşe Zülal Çakıcı bildirib.

Qeyd edək ki, "Tiny House" türkcədə, "Mikro ev", "təkərli ev", "kiçik ev" kimi müxtəlif formalarda tərcümə edilir. "Tiny House"-un ölçüləri 6 ilə 36 kvadratmetr arasında dəyişir. Yaşayış sahəsi, yataq otağı, mətbəx və vanna otağı kimi bölmələr ən minimal şəkildə dizayn edilib. ABŞ-da başlayan bu tendensiya son illərdə Türkiyədə də populyarlaşıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində həlak olanların sayı 50 min nəfəri keçib.

Mövzuya görə xəbərlər