Orta Dəhliz Türk Dövlətləri Təşkilatının bütün üzv ölkələrinə fayda gətirəcək - Baş katib

Orta Dəhliz Türk Dövlətləri Təşkilatının bütün üzv ölkələrinə fayda gətirəcək - Baş katib

Bakı. TurkicWorld:

Orta Dəhliz Türk Dövlətləri Təşkilatının (TDT) bütün üzv ölkələrinə fayda gətirəcək.

TurkicWorld-un mməlumatına görə, bu barədə Təşkilatının baş katibi Kubanıçbek Omuraliyev martın 3-də Trend-ə özəl müsahibəsində deyib.

Baş katibin sözlərinə görə, Ukraynadakı müharibənin fonunda ənənəvi yollar bağlandığından Orta Dəhliz getdikcə aktuallıq qazanır.

"Orta Dəhliz, əlbəttə, ilk növbədə, bizim ölkələrə və bütünlükdə regiona fayda gətirəcək. Bu yaxında, həmçinin, Azərbaycan, Türkiyə və Türkmənistan prezidentləri bu məsələni müzakirə ediblər", - Omuraliyev deyib.

O, bundan əvvəl Səmərqənd şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində, həmçinin, TDT ölkələrinin ərazisindən keçərək Avropaya uzanan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsi ilə bağlı mühüm sənədin imzalandığını xatırladıb.

"Bu layihənin reallaşmasının birinci mərhələsi artıq başlayıb. Nəqliyyat dəhlizlərinin bu kimi layihələri çox aktualdır və təkcə bizim ölkələrə deyil, bütünlükdə regiona fayda gətirəcək",- Omuraliyev əlavə edib.

Qeyd edək ki, hazırda Orta Dəhliz Avropaya ən qısa və daha qənaətli marşrut təklif edir.

Bu ay ərzində Azərbaycanda dəhlizin keçdiyi ölkələrin gömrük xidmətlərinin rəhbərlərinin iştirakı ilə Orta Dəhliz vasitəsilə tranzit prosedurlarının sadələşdirilməsi və unifikasiyası üzrə böyük konfransın keçirilməsi planlaşdırılır. Konfransda bu ölkələrin gömrük xidmətləri ilə birgə görülməli tədbirlər müzakirə olunacaq.

Müsahibənin tam video versiyasını təqdim edirik: