BAKI,TurkicWorld
Özbəkistan və Qazaxıstan 2030-cu ilə qədər ikitərəfli ticarət dövriyyəsini 10 milyard dollara çatdırmaq üçün proqram imzalayıb.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyi məlumat yayıb.
Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət naziri Laziz Qudratov və Qazaxıstanın Ticarət və İnteqrasiya naziri Arman Şakkaliyev mövcud sazişlərin icrasını və ticarət-iqtisadi, həmçinin investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi üçün atılacaq növbəti addımları müzakirə ediblər.
Görüşdə, Topdan və pərakəndə ticarətin inkişafı, İT xidmətlərinin genişləndirilməsi, Tikinti, maliyyə və sığorta sahəsində əməkdaşlıq, Daşınmaz əmlak sektorunda iş birliyi kimi mövzulara diqqət yetirilib.
Nazirliyin bəyanatında vurğulanıb ki, tərəflər ticarət dövriyyəsini artırmaq, maneələri aradan qaldırmaq və qarşılıqlı məhsul tədarükü şərtlərini yaxşılaşdırmaq üçün hərtərəfli tədbirlər görməyə hazır olduqlarını təsdiqləyiblər.
Rəsmi məlumatlara görə, 2024-cü ildə Özbəkistan və Qazaxıstan arasındakı ticarət dövriyyəsi təxminən 4,3 milyard dollara çatıb.
Bundan əlavə, Özbəkistanda bu ilin 1 mart tarixinə olan məlumata əsasən, Qazaxıstanın 15,5 mindən çox şirkəti fəaliyyət göstərir.
Yeni proqramın ticarət və iqtisadi əlaqələri daha da dərinləşdirməsi və tərəflər arasındakı strateji əməkdaşlığı gücləndirməsi gözlənilir.