Bakı, TurkicWorld
Son illər inkişaf etmiş ölkələrdə demokratiyanı daha da inkişaf etdirən amillərdən biri “Elektron Hökumət”in (ingilis dilində e-Government) formalaşdırılması hesab edilir.
TurkicWorld hər iki ölkənin elektron hökumət portalları haqqında məlumat verir.
“Elektron Hökumət” - müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən ölkə ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsininə şərait yaradır.
Yaradılan imkanların əsas məqsədi sosial xidmət təminatında dövlət qulluqçuları və vətəndaşlar arasında olan “məsafəni” azaltmaq, həmçinin, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. Dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsi bu məqsədə çatmağın vasitələridir. Beynəlxalq təcrübəyə əsasən vətəndaşların dövlət orqanları ilə təmaslarının daha münasib şəkildə təşkili üçün “bir pəncərə” prinsipi əsasında təşkil olunan və dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin cəmləşdirildiyi “Elektron Hökumət” portalı tətbiq edilir.
Qeyd edək ki, Türkiyənin elektron hökuməti "e-Devlet Kapısı” olaraq adlanır. Ölkəmizdə isə bu xidmət e-gov portalı vasitəsiylə həyata keçirilir. Onu da əlavə edək ki, bu iki platforma arasında inteqrasiya mövcuddur.
Belə ki, inteqrasiya Türkiyənin Rəqəmsal Transformasiya Ofisi ilə əməkdaşlıq çərçivəsində baş tutub. Bu o deməkdir ki, Azərbaycan vətəndaşı Türkiyəyə getdiyi zaman ondan hər hansı Azərbaycanın dövlət qurumunun verməli olduğu sənəd tələb olunursa, onu “e-devlet”dən və yaxud əksinə, Türkiyə vətəndaşından Azərbaycanda hansısa sənəd tələb olunsa, onu “e-gov”dan əldə edə biləcək.
Türkiyədə elektron Hökumətdən istifadəçilərin sayı 66 milyonu ötüb.
Elektron Hökumət sistemi vətəndaşların əməliyyatlarını tez və təhlükəsiz şəkildə həyata keçirə biləcəyi “Türkiyənin rəqəmsal siması” rolunu oynayır.
Xüsusilə COVID-19 pandemiyası ilə əlaqədar rəqəmsal xidmətlərə olan ehtiyacın açıq-aşkar başa düşülməsindən sonra, vətəndaşların və iş dünyasının ehtiyac duyduğu xidmətlərin rəqəmsallaşması sayəsində e-Devlet Kapısının istifadəsi dəfələrlə artmışdır.
e-Devlet Kapısı'nın istifadəyə verildiyi gündən vətəndaşların işini asanlaşdırmaqla yanaşı, vaxta qənaət etməsinə şərait yaradıb.
Türkiyədə 2008-ci ildən davamlı olaraq inkişaf edən Elektron Hökumət sistemi avqustun birinə kimi 1056 quruma aid 8 min 309 rəqəmsal xidmət təklif edir.
e-Devlet Kapısı'nda istifadəçilərinin sayı avqustun birinə əsasən 66 milyon 2 min 381-ə çatmışdır. Bu isə hökumətin bu ilin sonu üçün qoyduğu 66 milyon istifadəçi hədəfinin keçməsi deməkdir.
Qeyd edək ki, Türkiyə Prezident Rəqəmsal Transformasiya İdarəsi vətəndaşların rəyi ilə yüksək istifadəçi məmnuniyyəti və istifadəçilərə qarşı diqqəti sayəsində Avropanın ən yaxşılarından biri olan Elektron Hökumət sistemini inkişaf etdirməyə davam edir. İllik e-Hökumət sistemindən Məmnuniyyət Anketi 2024-cü ildə "turkiye.gov.tr" ünvanı vasitəsilə 1 milyon istifadəçinin iştirakı ilə tamamlandı və məmnunluq nisbəti 94,8 % olaraq qeyd edildi.
Bu ilin əvvəli etibarilə ən çox istifadə edilən 3 xidmət və onların istifadə sayına nəzər salsaq, Sosial Müdafiə Qurumu - SGK Qeydiyyat və Xidmət Siyahısı / İş yeri Başlıq Siyahısı 467 milyon 997 min 494, İş Həyatı İnteqrasiya Xidməti 207 milyon 264 min 374, Gəlir İdarəsi Nazirliyi - Vergi Borcu Sorğu və Ödəmə 184 milyon 558 min 684 dəfə istifadə edilmişdir.
Ölkəmizdə “Elektron Hökumət”in formalaşdırılması beynəlxalq təcrübəyə əsaslanır və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında Sərəncamı, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanı və digər normativ hüquqi aktlarla fəaliyyəti üçün hüquqi baza yaradılmışdır.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 14 mart 2018-ci il tarixli 1885 nömrəli “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” fərmanına əsasən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış "Elektron Hökumətin İnkişafı Mərkəzi" publik hüquqi şəxsi bu sahədə görülən işlərin əlaqələndiricisi olaraq “Elektron Hökumət”in formalaşması üzrə digər dövlət orqanları ilə sıx fəaliyyət göstərir və müvafiq infrastrukturun yaradılması üzrə fəaliyyət həyata keçirir.
“Elektron Hökumətin İnkişafı Mərkəzi” dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirmək məqsədi ilə əlaqələndirici qurum funksiyalarını yerinə yetirməklə yanaşı xidmətlərin əhali arasında təbliğatının da həyata keçirilməsindən məsuldur.