Bakı, TurkicWorld
Qazaxıstan Müdafiə Nazirliyi beş ölkənin iştirakı ilə BİRLƏŞDİK-2024 təliminə start verildiyini açıqlayıb.
TurkicWorld xəbər verir ki, Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Tacikistan və Özbəkistanın iştirakı ilə başlanan təlim iyulun 17-dək davam edəcək.
Döyüş hazırlığı tapşırıqlarının hazırlanmasında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın hərbi kontingentləri iştirak ediblər.
Hərbi manevrlər Oymaşa poliqonunda, eləcə də Tokmak burnundan iki kilometr aralıda yerləşən dəniz sahəsində keçiriləcək.
Təlimlərə 4 minə yaxın hərbi qulluqçu, 700-ə qədər silah və hərbi texnika cəlb olunacaq.
Həmçinin, təlimlərdə taktiki epizodlarda yerüstü və hava kəşfiyyatı qrupları, dəniz xüsusi təyinatlıları, ordu və cəbhə aviasiya ekipajları, döyüş gəmiləri və katerləri, artilleriya ekipajları, hücum və tank bölmələri iştirak edəcək.