Bakı, TurkicWorld
Qazaxıstanın Türküstan əyalətində Türkiyə, Azərbaycan, Özbəkistan, Qətər və Pakistan xüsusi təyinatlılarının iştirakı ilə “Sərhədsiz Qardaşlıq-III” birgə təlimi keçirilib.
TurkicWorld xəbər verir ki, bu haqda Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda Orda poliqonunda keçirilən çoxmillətli təlimdə xüsusi təyinatlı bölmələrin 400-dən çox əsgərinin iştirak etdiyi qeyd edilib.
Qırğızıstan və İordaniyanın təlimlərdə müşahidəçi qismində yer aldığı bildirilib.
İştirakçı ölkələr və onların orduları arasında təcrübə mübadiləsini təmin etmək, komanda-idarəetmə sistemləri və hərbi hissələrin qarşılıqlı fəaliyyət səviyyəsini yüksəltmək məqsədilə keçirilən təlim çərçivəsində taktiki atış, paraşütdən istifadə və dağ hazırlığı təlimləri keçirilib.
Təlimin yekun mərhələsində qoşunlar sərhədi keçərək insanların sıx olduğu əraziyə sığınan qanunsuz silahlı birləşmənin zərərsizləşdirilməsi istiqamətində xüsusi əməliyyat keçirib.
6 ölkənin xüsusi təyinatlılarının birgə həyata keçirdiyi xüsusi əməliyyatı Qazaxıstanın müdafiə naziri Ruslan Jaksılıkov da izləyib.
Jaksılıkov əsgərləri əməliyyatın uğurla başa çatması münasibətilə təbrik edərək, “Biz artan terror təhdidlərini nəzərə alaraq, hərbi təhlükəsizlik sahəsində səylərimizi birləşdiririk. Təlim zamanı böhran vəziyyətində idarəetmə orqanları və bölmələrinin hərəkətləri üçün alqoritmlər hazırlanıb. Birgə əməliyyatlar onu göstərir ki, hərbi birləşmələr ardıcıl və səmərəli fəaliyyət göstərməyə hazırdırlar”- deyib.