Türk şirkətləri Türkmənistanda 50 milyard dollardan çox layihə həyata keçirib

Türk şirkətləri Türkmənistanda 50 milyard dollardan çox layihə həyata keçirib

Bakı. TurkicWorld:

Türk şirkətləri Türkmənistanda 50 milyard dollardan çox layihələr həyata keçirib.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Aşqabaddakı səfiri Ahmet Demirok bildirib.

O qeyd edib ki, Türkiyənin Türkmənistanla cari ticarət həcmi son dörd ildə üç dəfə artaraq 2,1 milyard dollara çatıb.

“Türk podrat şirkətləri müstəqillik əldə etdikdən sonra Türkmənistanın transformasiyasına mühüm töhfələr verib. Türkiyə iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün çalışacaq. Türkiyə ilə Türkmənistan arasında əlaqələr bütün sahələrdə inkişaf edir və əldə etdiyimiz temp ticarət-iqtisadi əməkdaşlığın gedişində də özünü göstəririr” - deyə Demirok qeyd edib.

O bildirib ki, Türkiyə 5 milyard dollarlıq ticarət həcminə çatmağı hədəfləyir.

Demirok Türkmənistanda təşkil edilən sərgilərdə türk iş adamlarının fəal iştirak etdiyini, türk məhsullarına bu ölkədə böyük maraq olduğunu qeyd edib.

Məlumat üçün qeyd edək ki, Türk şirkətləri Türkmənistanda ümumi dəyəri 50 milyard ABŞ dollarından çox olan 1 080-ə yaxın layihəni uğurla həyata keçirib.

Hafiz Rufizoğlu