Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı "malyariyadan azad" ölkə kimi sertifikatlaşdırıb

Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı "malyariyadan azad" ölkə kimi sertifikatlaşdırıb

Bakı. TurkicWorld:

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycan və Tacikistanı "malyariyadan azad" ölkə kimi sertifikatlaşdırıb.

TurkicWorld-un məlumatına görə, bu barədə ÜST-nin Avropa ofisinin "Twitter" hesabında qeyd edilib.

Bu nailiyyət davamlı siyasi sərmayə və səhiyyə işçi qüvvəsinin fədakarlığı, bütün malyariya hallarının məqsədyönlü profilaktikası, erkən aşkarlanması və müalicəsi sayəsində mümkün olub - deyə paylaşımda bildirilib.

Xatırladaq ki, 2021-ci ilin sentyabr ayında Səhiyyə Nazirliyinin rəhbərliyi Azərbaycanda malyariya xəstəliyinə yoluxmanın kəsilməsi üzrə sertifikatlaşdırma prosesinə başlamaqla bağlı ÜST-nin baş direktoruna Tedros Adhanom Qebreyesusa rəsmi müraciət ünvanlayıb.

Bu proses çərçivəsində 2022-ci il mayın 16-dan 20-nə kimi ÜST-nin sertifikatlaşdırma missiyası Azərbaycanda səfərdə olub. Bundan əlavə, cari ilin iyun ayında Səhiyyə Nazirliyi "Azərbaycan Respublikasında malyariyaya qarşı mübarizə üzrə Milli Hesabat"ı tələb olunan sənədlər paketi ilə birlikdə ÜST-nin Malyariyaya Nəzarət üzrə Qlobal Proqramına təqdim edib.