Prezident İlham Əliyevin göstərişinə əsasən genişmiqyaslı sosial dəstək proqramı icra olunur - Vüqar Behbudov

Prezident İlham Əliyevin göstərişinə əsasən genişmiqyaslı sosial dəstək proqramı icra olunur - Vüqar Behbudov

Bakı. TurkicWorld:

Postmüharibə dövründə şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminat proqramı 5 dəfə genişlənib və onlara 4500 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 324 avtomobil təqdim edilib.

Bu barədə TurkicWorld-ə müsahibəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində SosialXidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov bildirib.

TurkicWorld müsahibənin tam mətnini təqdim edir:

-Vüqar müəllim, hansı kateqoriyalardan olan şəxslər sosial xidmətlərlə təmin olunur və həmin xidmətlər nə qədər insanı əhatə edir?

- Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin əsas istiqamətlərindən biri də əhalinin sosial cəhətdən həssas qruplarının, xüsusi qayğıya ehtiyac duyan şəxslərin sosial müdafiəsinin gücləndirlməsidir.

Ölkəmizdə müxtəlif sosial proqramlarla həmin kateqoriyalara aid insanların rifahına dəstək göstərilir. Hazırda həssas əhali qrupları aylıq sosial ödənişlərlə təmin edilir, bu sosial ödənişlər mütəmadi artırılır. Dövlət başçısının Fərman və Sərəncamları ilə son beş ildə icra olunan 4 sosial islahat paketlərinin əsas istiqmətlərindən biri olaraq da həmin ödənişlərin ciddi şəkildə artırılması təmin edilib. Bu ilin əvvəlindən reallaşdırılan. 1,9 milyon insanı əhatə edən yeni sosial islahat proqramının tərkib hissəsi kimi də həssas qruplara yönələn müavinət və təqaüdlər növbəti dəfə artırılıb.

Eyni zamanda, əhalinin sosial cəhətdən həssas qrupları, xüsusi qayğıya ehtiyac duyan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən reabilitasiya yönümlü sosial xidmətlərlə təmin edilirlər.

Üç ilə yaxındır ki, fəaliyyət göstərən Agentlik xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti və onlara qulluq, köməklik göstərə biləcək əmək qabiliyyətli qohumları olmayan şəxsləri, baxımsız və ya sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanları, məişət zorakılığından zərər çəkənləri, müəyyən yaşayış yeri olmayanları, insan alveri qurbanlarını və digər həssas qrupları reabilitasiya yönümlü sosial xidmətlərlə təmin edir. Bu xidmətlər həm sosial xidmət müəssisələrində stasionar formada, həm yarımstasionar formada, həm də həmin insanların yaşadıqları ünvanlara gedilərək, yəni səyyar şəkildə də göstərilir.

Sosial xidmətlər həmin insanların həyat şəraitini, sosial-psixoloji vəziyyətini çətinləşdirən, cəmiyyətdən təcrid olunmasına gətirib çıxaran halların aradan qaldırlmasına, onların həyatında müsbət dönüşə nail olunmasına, sosial inteqrasiya imkanlarına malik olmaları məqsədinə xidmət edir. Məsələn, əlilliyi olan və ya sosial təhlükəli vəziyyətdə olan uşaqlarla bağlı sosial xidmətlərin əsas məqsədi onların sosial reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına dəstək verilməsinə, həmin uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, onların və ailələrinin sosial xidmətlərə çıxışının təmin edilməsidir.

Qeyd edim ki, hazırda Agentliyin bütün ölkəni əhatə edən 12 filialı, eləcə də 13 müəssisəsi vardır və sosial xidmətlərə ehtiyac duyan insanlara səyyar və stasionar xidmətlər göstərilir. Ötən il həssas əhali qruplarından olan 20 minə yaxın şəxs səyyar və stasionar sosial xidmətlərlə əhatə olunub.

Onu da bildirim ki, sosial xidmətlərin keyfiyyətinin artırılması ilə yanaşı, bu xidmətlərin əhatə dairəsi də ildən-ilə yeni layihələrlə genişlənir. Həmçinin sosial xidmətlər sahəsində çalısanların bilik və peşəkarlıq səviyyələrinin yüksəldilməsi, sosial xidmətlər üzrə innovativ texnologiyaların tətbiqi fəaliyyətimizin əsas istiqamətlərindəndir.

Qeyd olunanlarla yanaşı, Agentlik imtiyazlı kateqoriyadan olan vətəndaşlarımızın sosial məişət şəraitinin yaxşılaşdırılması, onların mənzil, fərdi ev, avtomobil təminatı, övladlığagötürmə sahəsində fəaliyyət göstərir.

- Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək proqramının bir istiqaməti də şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlərlə təminatıdır. Bu istiqamətdə hansı işlər görülüb və hansı planlar var?

- Möhtəşəm Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Prezident cənab İlham Əliyevin göstərişinə əsasən şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək proqramı icra olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan bu sosial dəstək paketi çərçivəsində postmüharibə dövründə 122 min şəhid ailəsi üzvü və müharibə iştirakçısına dəstək yönümlü 264 min xidmət göstərilib.

Bu sosial dəstək proqramının mühüm istiqamətlərindən biri də şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlərlə, həmçinin müharibə ilə əlaqədar əlilliyi olan vətəndaşlarımızın minik avtomobilləri ilə təmin edilməsidir.

Postmüharibə dövründə şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminat proqramı 5 dəfə genişlənib və onlara 4500 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 324 avtomobil təqdim edilib.

Prezident cənab İlham Əliyevin bu günlərdə yerli telekanallara müsahibəsində bildirdiyi kimi, "Keçən il bu istiqamətdə də önəmli addımlar atılıb, bu kateqoriyadan olan 1500 ailəyə dövlət tərəfindən mənzillər verildi. 2021-ci ildə isə 3 min mənzil verildi. Bu il də ən azı 1500 mənzil veriləcək. Beləliklə, hələ növbədə duran bu kateqoriyadan olan insanların hamısına dövlət tərəfindən mənzillər veriləcək. Bu günə qədər 13 min ailə mənzillə təmin olunub".

Vətən müharibəsindən sonra müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 324, ümumən ötən dövrdə 7500-dən artıq avtomobil təqdim edilib.

Qeyd edim ki, dövlət başçısının 7 dekabr 2022-ci il tarixli Sərəncamı müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına xüsusi qayğının növbəti təzahürüdür. Sərəncam həmin şəxslərin mənzil və ya fərdi evlə təminatı üçün onların uçota alınma dövrünün daha 3 il uzadılmasını nəzərdə tutur.

Yəni, 2014-cü il yanvarın 1-dən artıq 2020-ci il yanvarın 1-dək deyil, yeni Sərəncamla 2023-cü il yanvarın 1-dək mənzil növbəsinə götürülmüş şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan, habelə Sərəncamda nəzərdə tutulan digər imtiyazlı şəxslər 2021–2025-ci illərdə mənzil və ya fərdi evlə təmin olunacaq.

Həmin Sərəncam eyni zamanda yalnız 2020-ci ildə deyil, 2020–2022-ci illərdə aparılan hərbi əməliyyatlar zamanı şəhid olanların ailələrinin və bu əməliyyatlarda yaralanaraq əlilliyi müəyyən olunmuş şəxslərin də 2021–2025-ci illərdə mənzil və ya fərdi evlə təminatını nəzərdə tutur. Göründüyü kimi, dövlət başçısının yeni Sərəncamı şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan vətəndaşların mənzillə və fərdi evlə təminatının əhatəsini daha da genişləndirir.

- Digər həssas qrupların da mənzillə təminatı həyata keçirilir. Bu istiqamətdə hansı işlər görülüb?

- Cənab Prezidentin tapşırığına uyğun olaraq imtiyazlı kateqoriyadan olan digər vətəndaşlarımızın da sosial-məişət şəraitlərinin yaxşılaşdırılması işləri aparılır.

Belə ki, uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər də mənzil və ya fərdi evlə təmin edilir. Bu sahədə işlərin davamı olaraq, həmin şəxslərə 2021-ci ildə 258, son iki ildə 330-dan çox mənzil təqdim edilib.

Paralel olaraq gözdən əlilliyi olan şəxslərin də sosial təminatı mütəmadi gücləndirilir, onların mənzillə təminatı həyata keçirilir. Son illərdə bu kateqoriyadan olan şəxslər üçün Bakının Nərimanov rayonunda 132 mənzilli yaşayış binası tikilərək istifadə verilib. 2021-2022-ci illərdə isə gözdən əlilliyi olan şəxslərə Bakı şəhəri və Abşeron rayonundakı yeni yaşayış komplekslərindən 450-dən çox mənzil təqdim edilib və proses davam etdirilir.

Nazirlik tərəfindən dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum şəxslərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində də işlər aparılır. Son iki ildə bu kateqoriyadan olan şəxslərə 300-ə yaxın mənzil təqdim edilib. Əlbəttə ki, bu işlər davam etdirilir və biz bu il də qarşımıza qoyulan hədəflərə uyğun olaraq fəaliyyətimizi davam etdirəcəyik.

-Övladlığagötürmə sahəsində xidmətlər də Sosial Xidmətlər Agentliyi tərəfindən göstərilir. Bu sahədə hansı işlər aparılır?

-Bildiyiniz kimi, Prezident cənab İlham Əliyevin Fərmanı əsasında 1 noyabr 2019-cu ildən etibarən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Dövlət sosial xidmətləri sahəsində e-texnologiyaların geniş tətbiqi, bu əsasda əhaliyə çevik və şəffaf xidmətlərin göstərilməsi son beş ildə ardıcıl olaraq elektronlaşma proqramı həyata keçirilir və qısa müddətdə mühüm nəticələr əldə edilib. Artıq nazirliyin 153 xidmətindən 140-dan çoxu elektronlaşdırılıb. Yəni nazirlik üzrə elektronlaşma səviyyəsi 90 faizdən yüksəkdir.

Digər sahələrdə olduğu kimi, övladlığagötürmə sahəsində də idarəetmə və xidmətlərin Nazilrik tərəfindən qısa müddətdə elektron platforma üzərində qurulması təmin olunub və övladlığagötürmə prosesi e-sistem üzərindən həyata keçirilir.

Bu sahədə işlərin davamı olaraq, 2022-ci ildə 110-u oğlan, 105-i qız olmaqla 215 uşaq övladlığa götürülüb. Onlardan 136-sı 3 yaşadək, 67-si 4-11 yaş, 12-i 12-18 yaş aralığında olanlardır.

Övladlığa götürülən uşaqların ailələrdə fiziki-mənəvi inkişafının təmin olunmasına nəzarət edilməsi üçün uşaqlar 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə ildə bir dəfə monitorinqlər həyata keçirilir. Ötən il də bu istiqamətdə 1337 monitorinq aparılıb. Hər monitorinqdən sonra sosial işçi hazırladığı hesabatı altsistemə daxil edir. Övladlığagötürmədən sonra aparılan monitorinqlə bağlı altsistemdə - övladlığa götürülən uşaqların uçotu bölməsində aparılan monitorinqlərin nəticələri barədə qeydlər aparılır.

Son bir ildə həmçinin sosial xidmət müəssisələrindən 120 uşaq öz bioloji ailəsinə reinteqrasiya edilib. Onlardan 53-ü qız, 67-i oğlandır.

- Ümumilikdə uşaqların övladlığa götürülməsi üçün hüquqi prosedur necədir?

- Qanunvericiliyin tələbinə əsasən övladlığagötürmə 3 mərhələdə həyata keçirilir. İlk mərhələ uçot mərhələsidir və bu mərhələdə vətəndaş evdən çıxmadan e-sosial.az portalında "Övladlığagötürmə" altsistemində şəxsi kabinetini yaratmaqla müraciət edə bilər.

İkinci mərhələdə isə övladlığagötürmənin uşağın mənafeyinə uyğunluğu müəyyənləşdirilir. Burada sosial işçilər tərəfindən ailəyə müsahibə və mənzil-məişət şəraitinin müayinəsi məqsədi ilə səfər edilir, daha sonra vətəndaşa təlim keçirilir və yekunda isə vətəndaş uşağla uyğunlaşma prosesinə cəlb edilir.

Bu proses təmamilə avtomatlaşdırılmış, xüsusi alqoritm üzərindən həyata keçirilən prosesdir. Yəni vətəndaş evində oturaraq şəxsi kabineti vasitəsi ilə ona təyin edilən uşağın foto, video və digər zəruri məlumatlarına baxıb istəyini bildirərək müəssisədə görüşlərə başlayır, daha sonra isə uşaq sınaq müddətinə vətəndaşa verilir.

Üçüncü mərhələ isə işə məhkəmə tərəfindən baxılır və övladlığagötürmə ilə bağlı müvafiq qərar verilir.