Son dəqiqə

Oxford Dictionary

Azərbaycanlı gənc Oksford Universitetində dərs deməyə başladı

Baki,TurkicWorld

Azərbaycan Dövlət Aqrar Universiteti ilə üçtərəfli müqavilə əsasında Dövlət Proqramı çərçivəsində təhsil alan Nuranə Məmmədova Oksford Universitetində müəllim fəaliyyətinə başlayıb.

Universitetin yaydığı məlumata əsasən, "2022–2028-ci illər üçün Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı" çərçivəsində doktorantura təhsili alan Nuranə Məmmədova Oksford Universitetində müəllim fəaliyyətinə başlayıb. O, Dövlət Proqramı çərçivəsində Oksford Universitetinin "Beynəlxalq münasibətlər" ixtisası üzrə doktorantura proqramına qəbul olunub və üçtərəfli müqavilə üzrə yerli ali təhsil müəssisəsi kimi Azərbaycan Dövlət Aqrar Universitetini (ADAU) seçib.

Hazırda doktorantura təhsilinin ikinci ilində olan Nuranə Məmmədova təhsilini davam etdirməklə yanaşı, Oksford Universitetinin "Qlobal idarəetmə və diplomatiya" (MSc in Global Governance and Diplomacy) magistratura proqramının müəllim heyətində fəaliyyət göstərir.

O, proqram çərçivəsində qlobal idarəetmə və diplomatiya sahəsi üzrə fundamental fənlərin tədrisində, eləcə də magistrantların akademik hazırlığında iştirak edir.
Bununla yanaşı, Nuranə Məmmədova Oksford Universitetində üzvü olduğu kollecin köməkçi dekanı (Junior Dean) vəzifəsinə seçilib. Bu vəzifə tələbələrin rifahının təmin edilməsi, akademik icmanın dəstəklənməsi və kollec həyatının təşkilinə dair məsuliyyətləri əhatə edir.

Qeyd edək ki, Nuranə Məmmədova bakalavriat təhsilini Azərbaycan Dövlət Aqrar Universitetində "Dünya iqtisadiyyatı" (xüsusi istedadlar qrupu) ixtisası üzrə alıb. Magistratura təhsilini isə Dövlət Proqramı çərçivəsində Oksford Universitetində "Diplomatik tədqiqatlar" ixtisası üzrə başa vurub.

Nuranə Məmmədova doktorantura təhsilini başa vurduqdan sonra üçtərəfli müqavilə üzrə öhdəliklərinə əsasən Azərbaycan Dövlət Aqrar Universitetinə qayıdacaq və universitetin professor-müəllim heyətində fəaliyyətini davam etdirəcək.

Mövzuya görə xəbərlər