Son dəqiqə

III Beynəlxalq Xankəndi Ultramarafonu

Bu gün III Beynəlxalq Xankəndi Ultramarafonuna yekun vurulacaq

Bu gün Ağdamda III Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü və sonuncu mərhələsinə start verilib. Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən ultramarafona 6 ölkədən 97 atlet qatılıb.

TurkicWorld xəbər verir ki, Ultramarafon dörd mərhələdən ibarətdir: Qəbələ–Ağdaş (52,5 km), Ağdaş–Bərdə (63,5 km), Bərdə–Ağdam (46,8 km) və Ağdam–Xankəndi (29,2 km). Hər mərhələnin qalibləri ayrıca təltif edilir, ultramarafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.

Xatırladaq ki, kişilər arasında ilk üç mərhələdə David Xarazişvili (Gürcüstan) qələbə qazanıb, qadınların mübarizəsində isə Olena Şevçenko (Ukrayna) birinci olub.

Beynəlxalq ultramarafonun keçirilməsində əsas məqsəd sağlam həyat tərzinin və qaçış idmanının təbliği, həmçinin Azərbaycanın müxtəlif bölgələrinin idman vasitəsilə tanıdılmasıdır.

Qeyd edək ki, Xankəndi Ultramarafonu ilk dəfə 2024-cü ildə Xankəndi–Bakı marşrutu üzrə təşkil olunub. 380 km məsafəni əhatə edən yarışda dörd ölkədən 64 atlet iştirak edib. 2025-ci ildə isə ultramarafon Qəbələ–Xankəndi marşrutu üzrə keçirilib və yarışa altı ölkədən 81 atlet qatılıb.

Mövzuya görə xəbərlər