Son dəqiqə

Azərbaycan Quba Polad Həşimov müəllim məktəblər vətəndaş Suverenlik Günü

Qubada idmanın, vətənpərvərliyin və birliyin gücü!

BAKI,TurkicWorld

Suverenlik Gününə həsr olunmuş məktəblərarası voleybol yarışında Quba rayonunun məktəblərində çalışan müəllimlərdən ibarət 8 komanda iştirak edib.

Müəllimlərimiz meydançada öz idman bacarıqlarını nümayiş etdirərək qalibiyyət uğrunda mübarizə aparıb, eyni zamanda komanda ruhunun, dostluğun, həmrəyliyin və sağlam həyat tərzinin gözəl nümunəsini göstəriblər.

Yarış başlamazdan əvvəl Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və yarışa start verilib.

Bu anlarda idman zalında yaşanan hər bir duyğu bizə bir həqiqəti xatırladıb:

Bu gün sahib olduğumuz suverenlik şəhidlərimizin canı, qazilərimizin qəhrəmanlığı və xalqımızın birliyi hesabına qazanılıb.

Gərgin və maraqlı idman mübarizəsinin sonunda ilk üç yeri tutan komandalar medallar, fəxri fərmanlar və şəhid general-leytenant Polad Həşimova həsr olunmuş kitablarla mükafatlandırılıblar. Bu kitablar isə sadəcə mükafat deyil, həm də gələcək nəsillərin yetişdirilməsində böyük rolu olan müəllimlərimizə verilən mənəvi dəyərin ifadəsidir. Çünki müəllim yalnız dərs demir. Müəllim həm də Vətənə bağlı, milli dəyərlərə hörmət edən vətəndaş yetişdirir.

Yarış Quba rayonunun Zərdabi qəsəbə tam orta məktəbinin idman zalında keçirilib.

Təşkilatçılar:

  • Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi İctimai Birliyi
  • “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi
  • “İnnovativ İnkişafa Dəstək” İctimai Birliyi
  • “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi
  • “Xınalıq Turizmin İnkişafına Dəstək” İctimai Birliyi

İcraçı təşkilat: Quba-Xaçmaz Regional Təhsil İdarəsi
Sponsor: “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi

Bu yarış bir daha göstərdi ki, idman insanları birləşdirir, müəllim isə cəmiyyəti gələcəyə hazırlayır.

Bu gün meydançada qaliblər müəyyənləşdi.

Amma bu yarışın ən böyük qazancı birlik, dostluq, sağlam həyat tərzi və şəhidlərimizin əziz xatirəsinə göstərilən ehtiram oldu.

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Suverenliyimiz daim olsun!
Müəllimlərimiz daim sağlam və güclü olsun!
Azərbaycan daim var olsun!

Mövzuya görə xəbərlər