BAKI, TurkicWorld
Şərqi Zəngəzurda həyata keçirilən Böyük Qayıdış prosesi yalnız keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı ilə məhdudlaşmır, eyni zamanda biznesin, təhsilin, xidmət sektorunun və yeni imkanların bölgəyə dönüşünü təmin edir.
Trend-in Zəngilana ezam olunan müxbirinin xəbərinə görə, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Zəngilanda Diaspor Gənclərinin VII Yay Düşərgəsinin açılış mərasimində deyib.
V.Hacıyev qeyd edib ki, Azərbaycan diasporu ölkənin beynəlxalq aləmdə tanıdılması, milli maraqların müdafiəsi, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və mədəni irsin yaşadılması istiqamətində mühüm rol oynayır. Onun sözlərinə görə, bu missiyanın uğurla həyata keçirilməsində diaspor gənclərinin üzərinə böyük məsuliyyət düşür.
Xüsusi nümayəndə bildirib ki, Prezident İlham Əliyevin tapşırığı ilə təsdiqlənən Böyük Qayıdış Dövlət Proqramının birinci mərhələsinin nəticələri artıq özünü göstərir.
Onun sözlərinə görə, Cəbrayıl və Zəngilan şəhərlərində, eləcə də Ağalı, Məmmədbəyli, Şükürbəyli, Horovlu və digər yaşayış məntəqələrində köç prosesi həyata keçirilib, Qubadlı şəhəri və rayonun digər yaşayış məntəqələrində isə genişmiqyaslı bərpa-quruculuq işləri davam etdirilir.
V.Hacıyev vurğulayıb ki, dövlət bölgədə sahibkarlığın inkişafı üçün vergi və gömrük güzəştləri tətbiq edir, xüsusi maliyyə mexanizmləri yaradır və investorlara geniş dəstək göstərir. Bunun nəticəsində kənd təsərrüfatı, logistika, xidmət, turizm və mədəniyyət sahələri üzrə yeni inkişaf istiqamətləri formalaşır.
O qeyd edib ki, Cəbrayılda yaradılan Araz Vadisi İqtisadi Zonasında artıq 19-dan çox rezident fəaliyyət göstərir və həyata keçirilən layihələr bölgədə məşğulluğun artmasına töhfə verir.
Xüsusi nümayəndənin sözlərinə görə, Şərqi Zəngəzurun əsas potensiallarından biri kənd təsərrüfatıdır. Araz, Həkəri, Bərgüşad, Bəsit və Oxçu çayları, müasir pivot suvarma sistemləri, həmçinin 12 min hektarlıq suvarma kanalının istifadəyə verilməsi kənd təsərrüfatının inkişafı üçün geniş imkanlar yaradır.
O bildirib ki, bölgədə bağçılıq ənənələri yenidən bərpa olunur, istehsal edilən kənd təsərrüfatı məhsulları daxili bazarla yanaşı xarici ölkələrə də ixrac edilir.
V.Hacıyev vurğulayıb ki, Prezident İlham Əliyevin elan etdiyi “yaşıl enerji zonası” konsepsiyası çərçivəsində Şərqi Zəngəzurda alternativ enerji layihələri də sürətlə həyata keçirilir.
Onun sözlərinə görə, Cəbrayılda BP şirkəti tərəfindən 240 meqavat gücündə günəş elektrik stansiyası tikilir, digər investorlar tərəfindən də yeni günəş enerjisi layihələri icra olunur. Yaşayış məntəqələri və inzibati binalarda günəş panellərindən istifadə edilir, Zəngilan rayonunda isə dörd su elektrik stansiyası fəaliyyət göstərir.
Xüsusi nümayəndə əlavə edib ki, bölgənin nəqliyyat və logistika imkanları da sürətlə genişlənir.
“Xudafərin-Ağbənd avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir, dəmir yolu xətti istifadəyə hazır vəziyyətə gətirilir, Zəngilan Beynəlxalq Hava Limanı isə regionun logistik potensialını əhəmiyyətli dərəcədə artırır. Bu imkanlar investorların bölgəyə marağını gücləndirir və logistik mərkəzlərin yaradılması üçün əlverişli şərait formalaşdırır”, - deyə o bildirib.
O vurğulayıb ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclərin əsas missiyası Azərbaycanın qazandığı tarixi Zəfəri, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərini və ölkənin inkişafını beynəlxalq ictimaiyyətə obyektiv şəkildə çatdırmaq, dünya azərbaycanlılarının həmrəyliyini daha da möhkəmləndirmək və dövlətin strateji hədəflərinə töhfə verməkdir.







