BAKI. TurkicWorld
Bakıda məktəblərdə Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) ilə bağlı yaz tətilinin vaxtı dəyişdirilib.
Bu barədə TurkicWorld-ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Məlumata görə, elm və təhsil naziri Emin Əmrullayev bununla bağlı əmr imzalayıb.
Belə ki, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qrupları və ibtidai sinifləri üzrə mayın 18-dən 22-dək tətil (1-5 may tarixləri əvəzinə) müəyyən ediləcək.
Bundan başqa, Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonları istisna olmaqla, Bakı şəhərinin digər rayonlarında fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin V-XI siniflərində dərslər mayın 18-dən 22-dək distant (məsafədən) formada keçiriləcək.
Eyni zamanda, Bakı şəhərində yerləşən peşə, orta ixtisas və ali təhsil müəssisələrində də tədrisin mayın 18-dən 22-dək distant (məsafədən) formada təşkili əmrdə qeyd olunur.







