Son dəqiqə

Bakı Metropoliteni Bəxtiyar Məmmədov

Bakı metrosunda nə baş verir? Rəsmi qurumdan təcili xəbərdarlıq

BAKI,TurkicWorld

Bu gün saat 12:10 radələrində Bakı Metropoliteninin “Ulduz–Nərimanov” mənzilində baş vermiş texniki nasazlıq qatarların hərəkətində müvəqqəti fasiləyə səbəb olub.

TurkicWorld xəbər verir ki, hadisə tuneldə yerləşən aralıq kabeldəki qısaqapanma nəticəsində təmas xəttinə yüksək gərginliyin verilməsində çətinlik yarandığı üçün baş verib.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, hadisə anından etibarən sərnişin təhlükəsizliyinin təmin olunması istiqamətində dərhal operativ tədbirlərə başlanılıb və bütün stansiyalarda sərnişin axınının tənzimlənməsi təmin edilib.

Yanğın baş verməyib, təxliyə uğurla keçib. Qurum rəsmisi vurğulayıb ki, insident zamanı hər hansı yanğın faktı qeydə alınmayıb. Mühafizə və rele sistemləri vaxtında işə düşərək mümkün fəsadların qarşısını alıb.Hadisə anında xətlərdə ümumilikdə 30 qatar olub, onlardan yalnız 4-ü tuneldə qalıb.

Tuneldə qalan qatarlardakı sərnişinlər metropolitenin normativ tələblərinə uyğun şəkildə, qısa müddətdə və təhlükəsiz formada təxliyə olunublar.

Bəxtiyar Məmmədovun sözlərinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb, səhhəti ilə bağlı hər hansı müraciət qeydə alınmayıb.

Hazırda texniki nasazlığın dəqiq səbəbləri araşdırılır. QSC rəsmisi bütün versiyaların təhlil olunacağını, şəffaflıq prinsipinə uyğun olaraq nəticələr barədə ictimaiyyətə əlavə məlumatların veriləcəyini qeyd edib.

Mövzuya görə xəbərlər