Son dəqiqə

Azərbaycan BMT Bakı

BMT ilə Azərbaycan arasında imzalanan sənəd strateji tərəfdaşlığın yeni mərhələsidir - Kanako Mabuçi

BAKI,TurkicWorld

Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə Azərbaycan hökuməti arasında imzalanan yeni əməkdaşlıq çərçivəsi ölkənin milli prioritetlərinə uyğun olaraq strateji tərəfdaşlığın yeni mərhələsinin başlanğıcını qoyur.

TurkicWorld xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı rezident koordinatoru ofisinin rəhbəri Kanako Mabuçi Bakıda keçirilən Davamlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin Yüksək Səviyyəli Birgə Rəhbər Komitəsinin iclasında çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, yeni sənəd Azərbaycanın orta-yuxarı gəlirli ölkə statusu və dəyişən inkişaf ehtiyacları nəzərə alınmaqla hazırlanıb. O bildirib ki, bu çərçivə 33 illik uğurlu tərəfdaşlığa əsaslanır və növbəti beş il ərzində daha konkret prioritetlərə və strateji məqsədlərə yönəlmiş fəaliyyəti əhatə edir.

Kanako Mabuçi proqramın maliyyə tərəflərinə də toxunaraq qeyd edib ki, qarşıya qoyulan hədəflərə çatmaq üçün beş il ərzində ümumilikdə 87 milyon ABŞ dolları tələb olunur. Bu məbləğin təxminən 52 milyon dolları artıq səfərbər edilib, qalan 35 milyon dolların təmin olunması üçün isə hökumət tərəfdaşları ilə iş davam etdiriləcək.

O vurğulayıb ki, fəaliyyət planı iki əsas istiqaməti əhatə edir və “Azərbaycan 2030” milli prioritetləri ilə tam uyğunluq təşkil edir. Birinci istiqamət inklüziv sosial-iqtisadi inkişafı, ikinci istiqamət isə yaşıl artımı və iqlimə davamlılığı əhatə edir. Bu çərçivədə Azərbaycanın daha davamlı və ekoloji baxımdan dayanıqlı inkişaf modelinə keçidi, həmçinin iqlim və ətraf mühit risklərinə qarşı dayanıqlığın artırılması dəstəklənəcək.

Rezident koordinator əlavə edib ki, BMT-nin ölkədəki fəaliyyəti daha çevik və inteqrasiya olunmuş formata keçib. Hazırda 12 qurumun koordinasiyalı fəaliyyəti təmin olunur və bu yanaşma əməkdaşlığın səmərəliliyini artırır. Eyni zamanda, Azərbaycanın çoxtərəflilik və iqlim diplomatiyası sahəsində rolu, eləcə də regionda sülh və əməkdaşlıq təşəbbüsləri bundan sonra da dəstəklənəcək.

Mövzuya görə xəbərlər