Son dəqiqə

Azərbaycanda məşğulluq xidmətlərində süni intellekt tətbiq ediləcək Əmək bazarında yeni mərhələ: vakansiya tövsiyələri süni intellektlə müəyyən olunacaq Nazirlik məşğulluq sisteminə süni intellekt əsaslı platforma hazırlayır İş axtaranlar üçün yeni rəqəmsal sistem: uyğun vakansiyalar avtomatik seçiləcək Süni intellekt məşğulluq xidmətlərini dəyişir – yeni layihə hazırlanır Azərbaycanda iş bazarında süni intellekt əsaslı tövsiyə sistemi yaradılır

Məşğulluq xidmətlərində süni intellekt tətbiq olunacaq

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Əmək bazarında innovativ yanaşmaların genişləndirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məşğulluq xidmətlərində süni intellekt texnologiyalarının tətbiqi istiqamətində yeni layihələrin həyata keçirilməsi planlaşdırılır.

TurkicWorld Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, bu çərçivədə gələcəkdə məşğulluq bazarına uyğun tövsiyə sisteminin yaradılması nəzərdə tutulur. Planlaşdırılan sistem vətəndaşın təhsil səviyyəsini, iş təcrübəsini, bacarıqlarını və maraqlarını nəzərə alaraq ona uyğun vakansiya təkliflərini avtomatik şəkildə təqdim edəcək.

Sistemin işləmə mexanizminə əsasən istifadəçinin şəxsi anket məlumatları, bacarıq siyahısı və əvvəlki iş təcrübəsi sistemə daxil ediləcək. Süni intellekt modeli həmin məlumatları mövcud vakansiya bazası ilə müqayisə edərək uyğunluq göstəricisini hesablayacaq.

Aparılan təhlillər nəticəsində vətəndaşlara ən uyğun və yaxın vakansiyalar tövsiyə ediləcək, məsələn, “Sizə uyğun ola biləcək 5 vakansiya” kimi seçimlər təqdim olunacaq.

Gözlənilir ki, bu tətbiq gələcəkdə iş axtaran vətəndaşların əmək bazarında daha düzgün istiqamətləndirilməsinə, vakansiyalara çıxış imkanlarının genişlənməsinə və məşğulluq xidmətlərinin səmərəliliyinin artırılmasına xidmət edəcək.

Eyni zamanda sistem işəgötürənlər üçün uyğun namizədlərin daha operativ müəyyənləşdirilməsinə dəstək verəcək və işaxtaranları onların bilik və bacarıqlarına uyğun vakansiyalara yönləndirəcək.