BAKI, TurkicWorld, Orxan Qədirzadə
Gəncə şəhərində turizm infrastrukturunun təkmilləşdirilməsi istiqamətində yeni addım atılıb.
TurkicWorld Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, Dövlət Turizm Agentliyi tərəfindən şəhərdə turistik nişanlanma işləri icra olunub.
Agentlik Azərbaycanın turizm baxımından cəlbedici məkanları, tarixi-mədəni abidələri və digər turizm nümayiş obyektləri üzrə turistik nişanların quraşdırılması istiqamətində layihələndirmə və icra tədbirlərini davam etdirir. Bu çərçivədə Gəncə şəhərində kompleks nişanlanma sistemi tətbiq edilib.
Görülmüş işlərə piyada istiqamətverici nişanların quraşdırılması, məlumatlandırıcı lövhələrin yerləşdirilməsi, eləcə də avtomobil yollarında turizm nümayiş obyektlərini göstərən yol nişanlarının tətbiqi daxildir. Yeni sistem şəhər ərazisində turizm obyektlərinə çıxışı daha aydın və rahat şəkildə təmin etməyə hesablanıb.
Layihənin əsas məqsədi Gəncəyə səfər edən yerli və xarici turistlərin hərəkətini asanlaşdırmaq, ziyarət edilən məkanlara əlçatanlığı artırmaq və şəhərin turizm infrastrukturunun keyfiyyət göstəricilərini yüksəltməkdir.
Turistik nişanlanma sisteminin tətbiqi şəhər mühitində vahid vizual istiqamətləndirmə mühitinin formalaşdırılmasına, turizm marşrutlarının daha sistemli təqdim olunmasına və ümumilikdə ziyarətçi məmnuniyyətinin artırılmasına xidmət edir.
Məlumata görə, layihənin turizm potensialı yüksək olan digər bölgələrdə də mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur.