BAKI, TurkicWorld, Orxan Qədirzadə
Beynəlxalq Əmək Təşkilatının “Sosial təminatın minimum normaları haqqında” 102 saylı Konvensiyasının ratifikasiya edilməsi imkanları gündəmdədir.
TurkicWorld Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planında Beynəlxalq Əmək Təşkilatının (BƏT) 102 saylı Konvensiyasının ratifikasiya imkanlarının araşdırılması nəzərdə tutulub.
Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət yaradılmış işçi qrupunun iclası keçirilib. İclasda Nazirliyin, Xarici İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri iştirak ediblər.
İşçi qrupunun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev bildirib ki, ötən dövrdə Azərbaycan BƏT-in 60-dək Konvensiyasına, o cümlədən 10 fundamental Konvensiyasından 9-na qoşulub. O, həmçinin qeyd edib ki, ötən il Azərbaycan ilə BƏT arasında “2025–2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” imzalanıb.
Vurğulanıb ki, son illər ölkədə həyata keçirilən ardıcıl sosial islahatlar sosial təminat sisteminin gücləndirilməsi istiqamətində mühüm irəliləyişlərə şərait yaradıb.
İclas çərçivəsində “Sosial təminatın minimum normaları haqqında” 102 saylı Konvensiyanın ratifikasiya imkanları üzrə görülən işlərə dair təqdimat dinlənilib və məsələ ətrafında müzakirələr aparılıb.