BAKI,TurkicWorld, Orxan Qədirzadə
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.
TurkicWorld xəbər verir ki, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Yalçın Camalov Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Qəbulda vətəndaşların müraciətləri əsasən subsidiyaların ödənişi, kənd təsərrüfatı təyinatlı kreditlərin verilməsi, güzəştli şərtlərlə texnika alışı, müasir suvarma sistemləri və digər məsələlərlə bağlı olub. AKİA sədri Yalçın Camalov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Qəbul zamanı fermerlərə Aqrar Subsidiya Şurasının qəbul etdiyi yeni subsidiya əmsalları, kənd təsərrüfatı texnika və avadanlıqlarının satışına tətbiq edilən dövlət güzəştləri, aqrar təyinatlı kredit məhsulları barədə geniş məlumat verilib.
AKİA sədri Yalçın Camalov vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qəbuldan sonra AKİA sədri rayonun Abulbəyli kəndində fermer Hikmət Sadıqova məxsus istixana kompleksi və intensiv cins keçi təsərrüfatının fəaliyyəti ilə tanış olub. Təsərrüfat sahibi AKİA xətti ilə aşağı faizli kreditlərdən yararlandığını bildirib, damazlıq keçi təsərrüfatının inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.






