BAKI,TurkicWorld
Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni müzakirələr aparılıb.
TurkicWorld xəbər verir ki, Türkiyədə səfərdə olan kənd təsərrüfatı naziri Məcnun Məmmədov Moldovanın kənd təsərrüfatı və qida sənayesi naziri Ludmila Katlabuga ilə görüşüb.
Görüş zamanı iki ölkə arasında aqrar sahədə əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub. Məcnun Məmmədov Azərbaycan və Moldovanın dost ölkələr olduğunu vurğulayaraq bildirib ki, kənd təsərrüfatı iki ölkə arasında əməkdaşlığın ən perspektivli istiqamətlərindən biridir.
Nazir Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın altıncı iclasına da toxunaraq qeyd edib ki, həmin görüşdə kənd təsərrüfatı da daxil olmaqla bir sıra sahələr üzrə əməkdaşlığın inkişafı məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tərəflər ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatının iqlim dəyişikliklərinə uyğunlaşdırılması, müasir texnologiyaların tətbiqi və məhsulların beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin artırılması istiqamətlərində əməkdaşlığın vacibliyini vurğulayıblar.
Məcnun Məmmədov Azərbaycanda hər il keçirilən “Caspian Agro” sərgisinin əhəmiyyətindən danışaraq Moldova tərəfini sərgidə milli pavilyonla iştirak etməyə və iş adamlarını fəal şəkildə təmsil olunmağa dəvət edib.
Görüşdə kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin artırılması, hüquqi bazanın gücləndirilməsi, şərabçılıq sahəsində əməkdaşlığın genişləndirilməsi, elmi tədqiqat və təhsil proqramlarının həyata keçirilməsi, eləcə də müasir texnologiyaların qarşılıqlı mübadiləsi məsələləri də müzakirə olunub.
Bildirilib ki, Azərbaycanda aqrar sahənin rəqəmsallaşdırılması istiqamətində mühüm işlər görülür və ölkəmiz bu sahədə qazandığı təcrübəni Moldova ilə bölüşməyə hazırdır.







