BAKI, TurkicWorld
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yeni reabilitasiya metodlarından biri kimi 2022-ci ildən hippoterapiya (atlarla terapiya) xidmətləri də göstərilir.
Bu barədə TurkicWorld-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verib.
Ötən dövrdə əlilliyi olan 1300-dən çox şəxs bu istiqamət üzrə xidmətlərə cəlb edilib.
Agentlik və “Baku GoldenHorse Therapeutic and Educational Center” atçılıq mərkəzinin birgə təşkil etdiyi hippoterapiyada əsas məqsəd həmin şəxslərin at üzərində hərəkət vasitəsilə bədən əzələlərinin aktivliyini artırmaqdır.
Beynəxalq təcrübəyə əsaslanan bu terapiya üsulu eyni zamanda əlilliyi olan şəxslərin ümumi əhval-ruhiyyəsinin yüksəldilməsinə, autizm spektr pozuntusu, daun sindromu, serebral iflic, nitq qüsurları və s. olan uşaqların sosial-psixoloji və fizioterapevtik reabilitasiyasına müsbət təsir göstərir.



