BAKI,TurkicWorld
44 günlük Vətən müharibəsindən sonra bu kateqoriyaya aid şəxslərin məşğulluğunun təmin edilməsi məqsədilə genişmiqyaslı proqramlar icra olunub.
TurkicWorld Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, Nazirliyin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyi tərəfindən postmüharibə dövründə şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan ümumilikdə 29 min şəxs müxtəlif məşğulluq tədbirləri ilə əhatə edilib.
Məlumata görə, 13,5 min nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik biznes subyektləri yaradılıb, 14,1 min nəfər isə münasib iş yerləri ilə təmin olunub. Bununla yanaşı, 1,4 min şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib.
Rəsmi qurumlar bildirir ki, bu tədbirlər şəhid ailələrinin və müharibə iştirakçılarının sosial rifahının yaxşılaşdırılması, onların dayanıqlı məşğulluğunun təmin edilməsi və iqtisadi fəallığının artırılması məqsədi daşıyır.