Stilist Ayaz Este

Düzgün geyinmək çətindirmi? Kişilər üçün sadə və təsirli geyim qaydaları

BAKI, TurkicWorld

Bu gün məlumatın bol və əlçatan olduğu bir dövrdə yaşasaq da, hələ də bədən ölçülərinə uyğun olmayan geyim seçimlərinə tez-tez rast gəlirik. Çox vaxt belə bir yanlış fikir formalaşır ki, yaxşı geyinmək üçün xüsusi zövqə sahib olmaq və ya dərin araşdırmalar aparmaq lazımdır. Əslində isə bu proses düşünüldüyü qədər mürəkkəb deyil.

Bunu TurkicWorld- ə açıqlamasında tanınmış stilist Ayaz Este deyib.

TurkicWorld kişilər üçün sadə, lakin təsirli olan 6 əsas geyim qaydasını təqdim edir:

1. Düzgün ölçü – yaxşı görünüşün təməli Paltarın markası və qiymətindən asılı olmayaraq, düzgün ölçü seçilməyibsə, ümumi görüntü zəifləyir. Çiyin tikişləri tam çiyində bitməli, köynək bədəni sıxmamalı, şalvar isə beldə rahat oturmalıdır.

2. Bədən quruluşuna uyğun kəsim - Hər bədən tipi üçün ideal kəsim fərqlidir. Uzun boylular üçün çox uzun kəsimlər balansı poza bildiyi kimi, enli bədən quruluşu olanlar üçün də həddən artıq dar modellər uyğun deyil. Əsas məqsəd bədəni daha proporsional göstərməkdir.

3. Sadə və uyğun rənglər - Tünd göy, boz, bej, ağ və qara kimi klassik rənglər həm bir-biri ilə rahat uyğunlaşır, həm də səliqəli və ciddi görüntü yaradır. Sadə rənglər geyim seçimində səhv etmək riskini minimuma endirir.

4. Parça keyfiyyəti və rahatlıq -Geyim gün ərzində üzərinizdə qaldığı üçün rahatlıq əsas şərtdir. Mövsümə uyğun, nəfəs alan parçalar həm komfortu təmin edir, həm də geyimin ümumi duruşunu yaxşılaşdırır.

5. Ayaqqabı ümumi görüntünü tamamlayır - Ayaqqabı geyimin ayrılmaz hissəsidir. Uyğun olmayan ayaqqabı ən yaxşı kombini belə zəiflədə bilər. Təmiz və üsluba uyğun ayaqqabı seçimi ümumi görünüşü tamamlayan əsas detaldır.

6. Detallarda sadəlik prinsipi - Saat, kəmər və digər aksesuarlar yerində və ölçülü istifadə edildikdə geyimi zənginləşdirir. Artıqlıq əvəzinə balanslı seçim daha peşəkar görüntü yaradır.

Nəticə olaraq qeyd edək ki, düzgün geyinmək çətin deyil. Bir az diqqət və doğru məlumatla hər kəs həm rahat, həm də özünü ifadə edən bir tərz yarada bilər. Əsas məsələ dəbdən çox, fərdi uyğunluğu tapmaqdır.

Mövzuya görə xəbərlər