Bakı, TurkicWorld
Günahkarlar tapılacaq və cəzalandırılacaq.
TurkicWorld xəbər verir ki, bunu bu gün AZAL-ın vitse-prezidenti İlham Əmirov Aktau yaxınlığında qəzada həlak olan 3 ekipaj üzvü (pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökümə Əliyeva) ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında keçirilən vida mərasimində deyib.
"Bu hadisə, həmçinin, Azərbaycanın pilot hazırlığının və aviasiya təhlükəsizliyinin yüksək standartlara uyğunluğunu göstərir. Ölkəmizdə formalaşmış bu ənənələr illərdir qorunur və inkişaf etdirilir.
Günahkarlar da tapılacaq və cəzalandırılacaq. Hadisənin bütün detalları araşdırıldıqdan sonra nəticələrlə bağlı ictimaiyyətə məlumat veriləcək", - o qeyd edib.
Xatırladaq ki, bu gecə "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan 3 ekipaj üzvünün (pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökümə Əliyeva) və 21 sərnişinin nəşləri Bakıya gətirilib.
Qeyd edək ki, daha öncə bu qəzada həlak olan 4 nəfərin nəşi və yaralanan 14 nəfər Bakıya gətirilib.
Xatırladaq ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.