Bakı, TurkicWorld
"Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Qanun Ombudsmanın fəaliyyətində əsas istinad olunan və normalarının təcrübədə tətbiqi məsələləri monitorinq olunan mühüm sənədlərdən biridir.
TurkicWorld xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Hüquq və İnsan Haqları İnstitutunda "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa dair hazırlanmış elmi-praktiki kommentariya layihəsinin müzakirəsi üçün dəyirmi masada deyib.
O bildirib ki, bu Qanunda Ombudsmanın Milli Preventiv Mexanizm Fəaliyyətinə geniş yer verilib, səlahiyyətləri yer alıb.
"Vəsaitdə Ombudsmanın və onun Milli preventiv Qrupunun tərkibi, fəaliyyətinin mahiyyətini açmaq və həbs yerlərinə nəzarəti həyata keçirən qurum kimi fəaliyyəti geniş təqdim etmək, eləcə də maddələr üzrə sistemli yanaşma faydalı olar.
Vurğulamaq istərdim ki, Prezident İlham Əliyevin insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədilə etdiyi çağırışlar və tövsiyələr bu sahədə gələcək fəaliyyətimizin əsas prioritet istiqamətlərini müəyyən edir.
Bu baxımdan Ombudsman təsisatı olaraq, insan hüquqları və azadlıqlarının müdafiəsi sahəsində dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, elm, təhsil, tədqiqat müəssisələri ilə əməkdaşlıqda maraqlıyıq", deyə o əlavə edib.