Son dəqiqə

Azərbaycan Türkiyə Çin Rusiya Ombudsman Ombudsman Aparatı İraq Qətər İordaniya Oman roblox

Ombudsman: “Roblox” platformasının yaratdığı risklər ciddi narahatlıq doğurur

BAKI, TurkicWorld

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinə dair müraciət yayıb.

TurkicWorld xəbər verir ki, müraciətin mətni Ombudsman Aparatının rəsmi saytında dərc edilib.

Bildirilib ki, Ombudsman Aparatı tərəfindən aparılan araşdırmalara əsasən, son illər uşaqlar arasında geniş yayılmış onlayn oyun və interaktiv platformaların, xüsusilə “Roblox” platformasının yaratdığı risklər ciddi narahatlıq doğurur. Hazırkı dövrdə uşaqların rəqəmsal mühitdə üzləşdiyi təhlükələr yalnız texnoloji məsələ deyil, insan hüquqları müstəvisində qiymətləndirilməli olan ciddi problemə çevrilmişdir.

Aparılan müşahidələr, mediada yayımlanan materiallar və mütəxəssis rəyləri göstərir ki, sözügedən platformada uşaqlar texniki risklərlə üzləşməklə yanaşı, həm də psixoloji manipulyasiya hallarının birbaşa təsiri altına düşürlər. Xüsusilə bullinq (təzyiq, təhqir və sosial təcridetmə), qruminq (uşaqların etibarının mərhələli şəkildə qazanılaraq manipulyasiya edilməsi), emosional istismar, qorxu və asılılıq yaratmağa yönəlmiş davranışlar geniş yayılmış təhlükəli tendensiyalardandır. Bu cür psixoloji manipulyasiya formaları uşaqlarda özünəinamın zəifləməsinə, stress, təşviş, qorxu, davranış pozuntuları və uzunmüddətli psixoloji travmalara səbəb ola bilir ki, bu da uşaq hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnir.

Qeyd edilməlidir ki, bu məsələ yalnız milli səviyyədə deyil, beynəlxalq miqyasda da ciddi problem kimi qiymətləndirilmişdir. Məhz müvafiq təhlükələr səbəbindən bir sıra dövlətlər, o cümlədən Çin, Rusiya, Türkiyə, İordaniya, Qətər, Oman, İraq və digər ölkələr tərəfindən “Roblox” platforması qadağan edilmiş və ya məhdudlaşdırılmış, platformada uşaqlar üçün uyğun olmayan kontent və qarşılıqlı ünsiyyət formalarının mövcudluğu, yetkinlik yaşına çatmayanlar arasında yolverilməz və ekstremist məzmunlu materialların yayılması, eləcə də uşaqların təhlükəsizliyi ilə bağlı narahatlıqlar əsas kimi göstərilmişdir.

Beləliklə, uşaqların istifadəsi üçün nəzərə tutulan rəqəmsal platformalarda yaş məhdudiyyətlərinin formal xarakter daşıması, effektiv moderasiya mexanizmlərinin olmaması, şəxsi məlumatların qorunması sahəsində boşluqlar və maliyyə manipulyasiyası riskləri uşaqların hüquqlarının pozulmasına zəmin yaradır.

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir və uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır və dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.

“Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, uşaqların mənafelərinin üstün tutulması, onların hüquq və azadlıqlarının təmin olunması, zərərli informasiya məhsullarının dövriyyəyə daxil edilməsinin, o cümlədən informasiya texnologiyalarından istifadə etməklə uşaqlara qarşı törədilən hüquqpozmaların qarşısının alınması və digər qeyd olunmuş prinsiplər uşaqların zərərli informasiyadan qorunmasının əsas prinsipləri kimi təsbit edilmişdir.

Qeyd edilənləri nəzərə alaraq, aidiyyəti dövlət orqanlarını uşaqların rəqəmsal təhlükəsizliyinin təmin edilməsi məqsədilə onlayn platformalar üzərində nəzarət mexanizmlərinin gücləndirilməsi, risklərin hüquqi qiymətləndirilməsinin aparılması və preventiv fəaliyyətin həyata keçirilməsi sahəsində zəruri tədbirlər görməyə çağırıram.

Eyni zamanda, valideynlərə (onları əvəz edən şəxslər) müraciət edərək bildirirəm ki, uşaqların rəqəmsal platformalardan istifadə etmələrinə diqqətlə yanaşılması, valideyn nəzarəti mexanizmlərinin tətbiq edilməsi, uşaqlarla açıq və etibarlı ünsiyyət qurulması və onların virtual mühitdə qarşılaşa biləcəyi təhlükələr barədə maarifləndirilməsi zəruridir.

Bununla yanaşı, media subyektlərinin və jurnalistlərin də bu mövzuda məsuliyyətli mövqe nümayiş etdirməsi, məsələyə uşaqların mənafelərinin üstünlüyü və hüquqlarının müdafiəsi prizmasından yanaşaraq ictimaiyyətin düzgün məlumatlandırılmasına töhfə verməsi olduqca vacibdir.

“Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq, uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin əhəmiyyətini bir daha vurğulayaraq, aidiyyəti qurumları və vətəndaş cəmiyyəti institutlarını bu istiqamətdə zəruri tədbirlər görməklə uşaq hüquqlarının daha etibarlı müdafiəsinə birgə nail olmağa çağırıram”, - deyə müraciətdə qeyd edilib.

Mövzuya görə xəbərlər