Bakı, TurkicWorld
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu keçirilir.
TurkicWorld xəbər verir ki, aidiyyəti dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələrinin dəvət edildiyi tədbirdə Azərbaycanın bütün şəhər və rayonlarından olan 300 uşaq, eləcə də Türkiyə Cümhuriyyətini təmsil edən uşaqlar iştirak edir.
Forumun açılış mərasimi uşaqların rəsmi nümayəndələrlə dialoqu formatında təşkil olunub.
Daha sonra uşaqlar aşağıda qeyd olunan 7 mövzu üzrə qruplaşaraq, müzakirələr aparacaq, müvafiq təkliflərlə çıxış edəcəklər:
Uşaq hüquqları: İnkişaf üçün birləşək- Ekoloji hüquq;
Təhsildə yeni standartlar: çağırışlar və bərabər imkanlar- Ekoloji təhsil və tərbiyə;
Uşaqların internet təhlükəsizliyi- Yaşıl İKT;
Sağlamlığın qorunması, sağlam həyat tərzi. Ətraf mühitin mühafizəsi- Sağlam dünya;
Asudə vaxtın səmərəli təşkili və dəyərləndirilməsi- Təbiətin keşiyində;
Uşaqların şəxsiyyət kimi formalaşmasında ailə və cəmiyyətin rolu və məsuliyyəti- Sağlam iqlim;
Vətəni sevək, ona layiq olaq- təbiəti qoruyaq.
Günün sonunda müzakirələrin nəticələri haqqında məlumat veriləcək, həmçinin Forum iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti səsləndiriləcək.
Qeyd edək ki, Ümumrespublika Uşaq Forumları uşaqların öz hüquqlarına dair qərarların qəbul olunmasında iştirakını təmin etmək, onlara problemlərinin həlli ilə bağlı təşəbbüslər irəli sürmək və təkliflər vermək imkanı yaratmaq, ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltmək baxımından əhəmiyyətlidir.
Keçirilən Forumların əsas xüsusiyyəti və fərqləndirici cəhəti onu bütünlüklə uşaqların idarə etməsidir.