Bakı, TurkicWorld
Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən I və II Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan 489 hərbçi 598 ədəd yüksək texnologiyalı son nəsil protezlə təmin edilib.
TurkicWorld xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, eyni zamanda, ötən ildən Vətən müharibəsi iştirakçılarının müasir idman protezləri ilə təminatı da həyata keçirilir.
Yüksək texnologiyalı protezlər aktivlik və funksionallığı ilə seçilir və istifadəçiyə sərbəst, sabit, inamlı hərəkət, sosial həyata daha tez və rahat inteqrasiya, hətta idmanla məşğul olaraq yarışlarda iştirak imkanı verir.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə bağlı həyata keçirilən sosial dəstək tədbirlərinin bir istiqaməti də həmin şəxslərin yüksək texnologiyalı son nəsil protezlərlə təmin edilməsidir.