Bakı, TurkicWorld
Müxtəlif ölkələrdə fəaliyyət göstərən “Azərbaycan Evləri”nin sayı 30-a çatıb.
TurkicWorld xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov “Xaricdə yaşayan Azərbaycanlı Alimlərin forumu”nda çıxışı zamanı deyib.
“Xaricdə yaşayan soydaşlarımızın hər biri bizim üçün dəyərlidir. Azərbaycan dilinin inkişafı bizim əsas istiqamətlərimizdən biri idi. Alimlərimizin bir araya toplanması çox mürəkkəb bir proses oldu. Gözləntimiz ondan ibarətdir ki, alimlərimiz həm Azərbaycana, həm də yaşadıqları ölkələrə töhfə versinlər. Azərbaycan bunun üçün dəstək olur. Düşünürəm ki, xaricdə yaşayan alimlər Qarabağ Universitetinə gəlib müəllim, tələbələrə öz təcrübələri ilə töhfə verə bilər.
Diaspora Komitələrinin statistikada sayı çoxdur. Amma bu o demək deyil ki, onların hər biri elmlə məşğul olur. Azərbaycan dövlətinin imkanları çərçivəsində hər il tələbələr xaricdə təhsil almağa gedir. Mövcud olan diaspor təşkilatlarının güclənməsi üçün o tələbələr bu təşkilata qoşulmalıdır.
Əgər inkişaf istəyiriksə, problemləri də bildirməliyik. Biz alimlərin nüfuz qazanıb, gələcəkdə Azərbaycana töhfə verməsini istəyiriksə, problemləri aradan qaldırmalıyıq. Bu gün ən böyük maneə dil faktorudur. Digər bir əngəl isə texnologiya ilə bağlıdır.
Bu kimi texniki problemlər var və istəyirik ki, elmlə məşğul olan şəxslər buna diqqət yetirsinlər. Ümumiyyətlə, müşahidələrimiz göstərir ki, elmlə məşğul olan insanlar şəxsi inkişaf üçün ölkədən gedir. Burada həm mənfi, həm də müsbət tərəf var. Onlar nəticədə Azərbaycanda olan proseslərə dəstək verə bilərlər. Bu baxımdan, biz hazırıq ki, proses daha faydalı və yumşaq keçsin”, – deyə F.Muradov əlavə edib.
Qeyd edək ki, Bakıda “Xaricdə yaşayan Azərbaycanlı Alimlərin Forumu” keçirilir.