Son dəqiqə

Diasporla İş üzrə Dövlət Komitəsi

Azərbaycan tarixinə dair qısametrajlı filmlərin təqdimatı keçirilib

Bakı, TurkicWorld

Diasporla İş üzrə Dövlət Komitəsində "Azərbaycan tarixi" ("History of Azerbaijan") layihəsinə daxil olan qısametrajlı filmlərin təqdimat mərasimi keçirilib.

TurkicWorld xəbər verir ki bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Giriş sözü ilə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib ki: "Bu gün Prezident İlham Əliyevin tapşırıqları əsasında diaspor fəaliyyəti daha da genişlənib və Azərbaycan diasporu uğurlu layihələr həyata keçirir. Ölkəmizin mədəniyyətinin təbliği ilə bağlı danışanda qeyd etməliyik ki, milli-mədəni və mənəvi dəyərlərimizin qorunub saxlanılmasında, onların bütün dünyada təbliğ olunmasında Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun gördüyü işlər dövlətimiz, xalqımız üçün böyük töhfədir. Xaricdəki Azərbaycan icmaları da bu sahədə beynəlxalq layihələr həyata keçirir və dövlətimiz diaspor təşkilatlarının layihələrinə dəstək verməyi prioritet məsələlər kimi görür".

Daha sonra "History of Azerbaijan" layihəsinin təqdimat videosu, eləcə də "Azərbaycanda Qədim Dinlər və Multikultiralizm" filmi, "Əkinçi" qəzeti haqqında film, "Dəmir Yumruq – Vətən müharibəsi" filmi nümayiş olunub.

Layihəyə daxil olan filmlər Azərbaycan tarixinin mühüm dövlərini əks etdirir. 16 qısametrajlı filmdən ibarət olan layihə "Vətən" Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi və ELTV Media Qrupunun birgə təşkilatçılığı ilə Kanadada hazırlanıb.

"Vətən" Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri Lalin Həsənova Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında belə layihələrin vacibliyini vurğulayıb və layihənin ərsəyə gəlməsinə görə yaradıcı heyətə, həmçinin Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlıq edib. O, əlavə edib ki, növbəti layihə azyaşlı uşaqlar üçün animasiya filmlərinin istehsalı ilə bağlıdır.

Bakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev, Milli Məclisin sabiq deputatı, Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin həyat yoldaşı Flora Qasımova, layihənin iştirakçısı Zamiq Əliyev və başqaları belə filmlərin Azərbaycan tarixinin, mədəniyyətinin təbliğində böyük əhəmiyyət daşıdığını dilə gətiriblər.

Hazırlanan filmlər tədris vəsaiti kimi xaricdəki həftəsonu Azərbaycan məktəblərinin proqramına daxil edilib, eyni zamanda müxtəlif ölkələrdəki icma tədbirlərində nümayiş olunur.

"History of Azerbaijan" layihəsi Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, "Vətən" Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi və ELTV Media Qrupunun birgə təşkilatçılığı ilə Kanadada ərsəyə gətirilib.

Filmləri aşağıdakı linkdən izləmək mümkündür:

https://www.youtube.com/@historyofazerbaijan

Mövzuya görə xəbərlər