Bakı, TurkicWorld
Almaniyanın Bonn şəhərində Almaniyadakı Azərbaycanlı Həkimlərin III Forumu keçirilib. Tədbirdə Almaniyanın 81 şəhərindən 200-dən çox həkim və tibb mütəxəssisi iştirak edib. Bir neçə gün ərzində Almaniyanın müxtəlif yerlərində yaşayan Azərbaycanlı peşəkarlar təcrübə mübadiləsi aparıb, yeni əlaqələr qurub və maraqlandıqları məsələləri müzakirə ediblər.
Ermənistan-Azərbaycan münaqişəsinin tarixə çevrildiyi, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunduğu bu gün xaricdəki Azərbaycan diasporunun mövqeyi də dəyişib. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, Azərbaycan diasporunın nümayəndələrini yaşadıqları ölkələrdə uğurlu görmək istəyir.
"Hal-hazırda xaricdə yaşayan azərbaycanlıların sayı milyonlarladır. Təbii ki, onlar yaşadıqları ölkələrin vətəndaşlarıdır. Mən çox istəyirəm ki, onlar yaşadıqları ölkələrdə daha da yüksək vəzifələrə nail olsunlar. Həmçinin onların ictimai, siyasi, iqtisadi həyatlarında daha da fəal rol oynamalarını arzulayıram", - dövlət rəhbəri Dünya Azərbaycanlılarının IV Qurultayında bildirib.
Xaricdə yaşayan soydaşlarımız - qalib ölkənin nümayəndələridir və Azərbaycanın bugünkü qələbələri onlara daha çox inam verəcək, yeni uğurlar üçün ilhamlandıracaq. Xaricdə yaşayan azərbaycanlılar yaşadıqları ölkələrin həyatında getdikcə daha fəal iştirak edir, istedadlı artistlər, peşəkarlar, alimlər, həkimlər və pedaqoqlar, iş adamları kimi uğur qazanırlar. Bu ölkələrin biznes, ictimai, mədəni həyatında simvolik şəxsiyyətlərə çevrilirlər, müxtəlif sahələrdə uğur qazanırlar. Bundan başqa, diaspor nümayəndələrinin fəallığı Azərbaycanın beynəlxalq imicinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Öz ölkələrində uğur qazanaraq, həmvətənlərimiz biznes, ictimaiyyət, elm, mədəniyyət və digər icmalar arasında üfüqi əlaqələr qurmaq və gücləndirmək imkanı əldə edirlər. İctimai diplomatiya fəaliyyətə başlayır və bu da bəzən ənənəvi diplomatiyadan daha effektiv ola bilir. Soydaşlarımızın istəklərinə dəstək vermək, bu məsələlərin həllinə kömək etmək - Prezident İlham Əliyev tərəfindən Diasporla İş üzrə Dövlət Komitəsinə qoyulmuş prioritet vəzifələrdən biridir.
Bundan əlavə, yaxın zamanda Almaniyada və digər ölkələrdə orada yaşayan diaspor üzvləri üçün xüsusi yeni informasiya resurslarının yaradılması planlaşdırılır. Bu portallar sayəsində həmvətənlərimiz son hadisələrdən xəbərdar olacaq, yaşadıqları ölkəyə inteqrasiya ilə bağlı faydalı məlumat və dəstək tapa biləcəklər. Həmçinin, bu informasiya resursları vasitəsilə Soydaşlarımız diaspor həyatına dair ən son xəbərləri alacaq, Azərbaycanın həyatı, nailiyyətləri, mədəniyyəti, turizm potensialı və digər mövzularla bağlı geniş məlumat əldə edəcəklər.
Bu resurslar xaricdə yaşayan azərbaycanlılar üçün bir növ ünsiyyət mərkəzlərinə çevriləcək. Soydaşlarımızın ətrafında - Almaniyadakı həkimlər kimi - birləşə biləcəyi, peşəkar əlaqələrini qura biləcəyi və təcrübə mübadiləsi apara biləcəyi kommunikasiya mərkəzlərin yaradılması planlaşdırılır.