Son dəqiqə

390 min insan üzərində aparılan araşdırmaya görə multivitaminlər ömrü uzatmır

Bakı.TurkicWorld:

ABŞ-da aparılan son tədqiqatlar multivitamin əlavələrinin ömrü uzatmadığını və hətta əlavələrdən istifadə edənlərin ölüm riskinin daha yüksək olduğunu ortaya qoyub.

TurkicWorld xəbər verir ki, bu barədə JAMA Network Open jurnalında çərşənbə günü dərc edilmiş ABŞ Milli Sağlamlıq İnstitutunun tədqiqatçıları tərəfindən multivitaminlərin uzunömürlülük üzərində təsirini qiymətləndirən məqalələrində məlumat verilib.

Əvvəlki üç hərtərəfli araşdırmanın nəticələrini təhlil edən tədqiqatçılar, ümumi 390 min 124 yetkin insanın məlumatlarını araşdırıb. Ən azı 20 il izlənilən bu insanlar ümumiyyətlə sağlam olublar.

Araşdırma nəticəsində tədqiqatçılar multivitaminlərin erkən ölüm riskini azaltdığına dair heç bir dəlil tapmayıblar, lakin qeyd edilib ki, bu cür əlavələr qəbul edən insanların təqib dövrünün ilk illərində ölüm riski 4 faiz daha yüksəkdir.

Bu, multivitaminlərin zərərli olduğunu göstərsə də, qocalmış və ya sağlamlıq problemləri olan insanların vitamin əlavələrini daha çox qəbul etməyə başlaması ilə də izah edilə bilər.

Araşdırmaya aid olan Dr. Jade A. Cobern deyir ki, “Bu araşdırma göstərir ki, multivitaminlər ümumiyyətlə uzun ömürlərə səbəb olmur”.

Mütəxəssislər buna ehtiyacı olan insanların ayrı-ayrı vitamin əlavələrini qəbul etmələrinin zərərli olmadığını bildirirlər. Məsələn, dəmir və ya B vitamini çatışmazlığından əziyyət çəkən insanların onları əlavə olaraq qəbul etmələri yaxşıdır. Cobern deyir ki, əgər həkim vitamin təyin edirsə, o dərmanı qəbul etmək vacibdir.

Qeyd edək ki, bir çox mütəxəssis multivitaminlərin faydalarına şübhə ilə yanaşır.

Bir çox insanlar daha sağlam həyat sürmək üçün fərdi vitamin və ya mineral əlavələrdən və ya multivitaminlərdən istifadə edirlər. Bu dərman sektoru bazarının on milyardlarla dollar dəyərində olduğu təxmin edilir.

Multivitaminlərlə bağlı araşdırmalarda indiyədək müxtəlif nəticələr əldə edilmişdir. Məsələn, bəzi araşdırmalar bu əlavələrin xərçəng, ürək xəstəliyi və diabet kimi xəstəliklərin riskini artırdığını irəli sürüb.

Digər tərəfdən, başqa bir araşdırma, multivitaminlərin qocalıqda koqnitiv (idrak, zehni) geriləməni yavaşlatdığını iddia edir.

Bununla belə mütəxəssislər vurğulayırlar ki, ən vacib şey sağlam qidalanmadır. Tədqiqatda iştirak etməyən diyetisyen Duane Mellor deyir ki, “Təkcə vitamin və mineral əlavələr qeyri-sağlam pəhrizi düzəldə bilməz, lakin bir insan qidadan bu vitaminləri almaqda çətinlik çəkirsə, ən təməl qida maddələrini vitaminlər vasitəsiylə təmin edə bilər”.

Belə ki, 2023-cü ildə aparılan bir araşdırma, sağlam qidalanmanın insanın ömrünü 10 il uzada biləcəyini müəyyən edib.

“Pəhrizimizə daha çox tərəvəz, tam taxıl və ya paxlalılar əlavə etməklə, qırmızı ət və spirt istehlakını azaltmaqla və oturaq həyat tərzini dəyişməklə yəqin ki, hamımız fayda əldə edə bilərik”-deyə Cobern deyib.