Bakı,TurkicWorld
Gürcüstanın Tiflis şəhərində 5-6 may 2024-cü il tarixində “Bölünmüş dünyada körpülər tikmək” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Tədbir “Baskerville” İnstitutu, “Brigham Young” Universiteti, Pakistan Müsəlman İnstitutu və “Stirling” Fondunun birgə təşkilatçılığı ilə baş tutub.
TurkicWorld xəbər verir ki,Konfransda Amerika Birləşmiş Ştatları, Pakistan, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Qətər, Əfqanıstan, Pakistan, Rusiya və İrandan gəlmiş, müxtəlif sahələrdə tədqiqat aparan alimlər və filosoflar iştirak ediblər.
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) “Dinşünaslıq” kafedrasının müdiri, f.f.d., dosent Anar Qafarov tədbirdə ölkəmizi təmsil edib. Alim konfransda “Dözümsüzlüyün aradan qaldırılmasında dini maarifləndirmənin rolu: Azərbaycan nümunəsi” (“The Role of Religious Education In Overcoming Intolerance: Case of Azerbaijan”) və “Harmoniya axtarışında: iman və ağlın səslərini uzlaşdırmaq: fəlsəfə və din baxımından birgəyaşayışın təməl dəyərlərinin təhlili” (Seeking Harmony: Reconciling the voices of faith and reason analysis on the fundamental values of coexistence in terms of philosophy and religion”) mövzularında məruzələr edib.
A. Qafarov müxtəlif ölkələrdə və cəmiyyətlərdə mədəni fərqliliyə yanaşmanın birmənalı olmadığını, dünyanın hələ də ciddi mənəvi böhran yaşadığını vurğulayıb. Həmçinin dözümsüzlüyün aradan qaldırılmasında dini-fəlsəfi maarifləndirmənin rolundan bəhs edib. O, multikulturalizm və birgəyaşayış fəlsəfəsi istiqamətində Azərbaycanın nümunə ölkələrdən biri olduğunu qeyd edib, respublikamızın bu istiqamətdə atdığı ciddi addımlardan, o cümlədən Aİİ-nin sözügedən sahədəki təhsil strategiyasından danışıb.
A.Qafarov “Harmoniya axtarışında: iman və ağlın səslərini uzlaşdırmaq: fəlsəfə və din baxımından birgəyaşayışın təməl dəyərlərinin təhlili” mövzusunda ikinci məruzəsində birgəyaşayış problemini fəlsəfi-dini aspektlərdən müzakirə obyektinə çevirib, onun təməl dəyərlərini təhlil edib. Həmçinin məruzədə məşhur filosof və din alimlərinin mövzu ilə əlaqədar fikir və yanaşmalarına müqayisəli şəkildə yer verilib.