Son dəqiqə

Qarabağ Aygün Attar

Beynəlxalq təşkilatların sözləri ilə hərəkətləri arasında eynilik yoxdur - Aygün Attar

Bakı. TurkicWorld:

Qarabağda mədəniyyətimizi yox edənlər hələ də rahat bir şəkildə gəzir, üstəlik, Avropaya, oradakı təsisatlara dəvət edilir.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri Aygün Attar VI Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "Münaqişədən sonrakı dövrlərdə mədəniyyətin dirçəldilməsi və qorunması üçün davamlı sülhün təmin edilməsi" adlı panel sessiyasında çıxışı zamanı deyib.

"Ermənistan istədiyini edir, amma bunun hesabı ondan soruşulmur. Azərbaycan hazırda bu forumda mədəniyyət və təhlükəsizliklə bağlı dünyaya çağırış edir.

Beynəlxalq təşkilatların sözləri ilə hərəkətləri arasında eynilik yoxdur. Sözləri ilə qınayırlar, lakin bir daha baş verməməsi üçün heç nə etmirlər", - deyə o bildirib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir.

"Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr" mövzusunda keçirilən forumda dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə keçirilir.

Mövzuya görə xəbərlər