Bakı. TurkicWorld:
Turizmin iqtisadiyatın inkişafında, yoxsulluğun azaldılmasında rolunu bilirik.
TurkicWorld-in məlumatına görə, bunu BMT-nin Ümumdünya Turizm Təşkilatının icraçı direktoru xanım Zoritsa Uroşeviç Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Turizm insanları birləşdirən və mədəniyyətlərarası dialoqu təşviq edən alət kimi" mövzusunda panel müzakirələri zamanı deyib.
O qeyd edib ki, iqtisadi inkişafda turizm mühüm rol oynayır.
"Dünyada 2023-cü ildə 1 trilyondan çox turist qeydə alınıb. Bu, kifayət qədər böyük rəqəmdir. Turizm sahəsində artım tendensiyasını bütün dünyada görürük. Bu, o deməkdir ki, bu qədər insan sərhədləri keçərək digər mədəniyyətlərlə tanış olur, təsəvvürlərini dəyişirlər. Bu mənada, turizmin daxili və beynəlxalq dialoqa necə şərait yaratdığını görürük", - deyə o əlavə edib.
Qeyd edək ki, "Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr" mövzusunda keçirilən forumda dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.
100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri var.
Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə keçirilir.