Son dəqiqə

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti

Dövlət qurumlarının 695 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb

Bakı. TurkicWorld:

Rəqəmsal cinayətlər, adətən, informasiya resursunda təhlükəsizlik boşluqları olduğu hallarda meydana çıxır.

TurkicWorld xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini Allahverən İsmayılov bu gün keçirilən “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda konfransda deyib.

Onun sözlərinə görə, 2023-cü il ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən aparılan audit yoxlamaları və monitorinq nəticəsində dövlət qurumlarının 695 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanaraq, aradan qaldırılması üçün müvafiq bildirişlə dövlət qurumlarına göndərilib:

"Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin eyni dövrü ərzində dövlət qurumlarında aparılan audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində 553 dövlət informasiya sistemində təhlükəsizlik boşluqları və nöqsanları aşkar edilərək aradan qaldırılması təmin edilib.

Kiberhücum cəhdlərinin analizi ilə Xidmətimiz tərəfindən 1162 xüsusi kiberhücum indikatoru müəyyən edilərək “AzStateNet” şəbəkəsində və elektron poçt sistemində bloklamaqla xüsusi hədəflənmiş kiberhücumların qarşısı alınıb.

Həmçinin 2023-cü il ərzində “AzStateNet” şəbəkəsi üzrə tətbiq edilən yeni nəsil mühafizə avadanlığı vasitəsilə 911,430,000 zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 7,464,500 və “Sandbox” mühafizə sistemi vasitəsilə isə 103,650 zərərverici tərkibli elektron sənəd blok edilərək son istifadəçilərin yoluxmasına imkan verilməyib.

Bununla yanaşı kiberkəşfiyyat imkanlarından istifadə etməklə dövlət qurumları domenlərinə (gov.az) bənzədilmiş 186 saxta domen müəyyən edilərək hakerlər tərəfindən hədəflənmiş xüsusi kiberhücumlarda dövlət qurumları adından istifadə edilməsi planlarının qarşısı alınıb. və yüzlərlə kiberhücum cəhdləri qabaqlanıb”.

Mövzuya görə xəbərlər