Bakı. TurkicWorld:
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) mandatı çərçivəsində ölkəmizdə yaşayan milliyyətindən, dinindən, dilindən, irqindən və digər mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın hüquq və azadlıqlarının təmini məsələlərinə diqqət yetirir.
Ombudsman Aparatından TurkicWorld-ə verilən məlumata görə, Ombudsman Səbinə Əliyeva Xankəndi şəhərində erməni əsilli sakinlərlə görüşüb, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həssas əhali qrupları üçün yaradılmış sığınacağa da baş çəkib.
S.Əliyeva müəssisədə, eləcə də, müəssisədən kənarda yaşayan və xidmətlərdən faydalanan erməni əsilli sakinlərin hüquq və azadlıqlarının təmini vəziyyəti ilə maraqlanıb, Ombudsmanın səlahiyyətləri barədə ətraflı məlumat verib. Eləcə də psixoloq və sosial işçilər tərəfindən sakinlərə göstərilən sosial xidmətlər, qida təminatı monitorinq olunub.
Qəbul edilmiş şəxslərin müraciətləri dinlənilib və onlar göstərilən münasibətdən, yaradılmış şəraitdən razılıq ediblər.
Başçəkmə zamanı Ombudsmanın 24 saat fəaliyyət göstərən 916 Çağrı Mərkəzi barədə məlumatı özündə əks etdirən plakatlar müəssisəyə təqdim olunub.