Bakı. TurkicWorld:
Sağlamlığımız yaşadığımız mühitlə sıx bağlıdır. İqlim dəyişikliyi sağlamlığımıza, rifahımıza və təhlükəsizliyimizə əhəmiyyətli dərəcədə təsir göstərir.
TurkicWorld xəbər verir ki, bunu XI Qlobal Bakı Forumunun "Hər kəs üçün sağlamlıq" adlı panel sessiyasında çıxış edən Azərbaycan səhiyyə naziri Teymur Musayev deyib.
"Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli sərəncamı iqlim dəyişikliyinin nəticələrinə qarşı mübarizəyə fəal töhfə verən, beynəlxalq birliyin etibarlı və məsuliyyətli üzvü kimi Azərbaycan Respublikasının rolunu xüsusilə vurğulayır. Bunun bariz təsdiqi bu ilin noyabrında COP29-un Bakıda keçirilməsidir. 2024-cü il Azərbaycanda "Yaşıl Dünya naminə Həmrəylik İli" elan edilib. Sağlamlığımız yaşadığımız mühitlə sıx bağlıdır. İqlim dəyişikliyi sağlamlığımıza, rifahımıza və təhlükəsizliyimizə əhəmiyyətli dərəcədə təsir göstərir", - deyə nazir qeyd edib.
T.Musayev vurğulayıb ki, "Hər kəs üçün sağlamlıq" konsepsiyası Azərbaycanda keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz qayıtmasının təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
"Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində Azərbaycan Hökuməti işğaldan azad edilən ərazilərin təmir-bərpası istiqamətində misli görünməmiş yenidənqurma işləri aparır. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə işğaldan azad edilən ərazilərə əhalinin sağlam inteqrasiyası üçün psixoloji dəstək layihəsinə başlayıb",- deyə o bildirib.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir. Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də,keçmiş və hazırkı dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.