Türk dili Suriyanın şimalında gerçəkliyin və gələcəyin dilidir

Türk dili Suriyanın şimalında gerçəkliyin və gələcəyin dilidir

Bakı, TurkicWorld:

Türkiyədən sərhədi keçərək Hələbə gəldiyiniz zaman lövhələrdə türk dilində yazıları görməklə yanaşı, hər bir hərbi keçid məntəqəsində, xidmət və inzibati idarədə Türkiyə bayrağını görsəniz əsla təəccüblənməyin.

TurkicWorld-un AzerVoice-ə istinadən verdiyi məlumata görə, inkişaf etmiş Türkiyə ilə bu ölkənin ordusu tərəfindən terrorçulardan (PKK/PYD) təmizlənən bölgələr arasında ciddi fərq var. Lakin türk dilinin, türk mədəniyyətinin bu bölgələrin gələcəyinə müsbət təsir edəcəyini düşünməyə əsla tərəddüd etmək olmaz.

Türk dilinin Şimali Suriyada olması, daha doğrusu türk dilinin artıq sadə xalq tərəfindən də geniş istifadəsi bu ölkəyə çox təsir edəcək.

Bilindiyi kimi, bu gün Türkiyə ordusu Hələbin şimalındakı bölgələrə nəzarət edir. Bölgədə olan dövlət idarələrində, xəstəxanalarda və bütün digər yerlərdə türk dili bilən ən azı bir yerli suriyalı işləyir. Suriya hökuməti reallığı “assemilyasiya” kimi qələmə versə də YPG/PYD zülmündən xilas olan yerli ərəblər bunu belə qəbul etmirlər.

Əslən Hələbdən olan türk dili müəllimi Firas Qasim türk dilini öyrənməyə böyük tələbatın olduğunu bildirib.

Bu tələb Türkiyədə suriyalılarla bağlı narazılıqdan sonra azalsa da, sonra türk institutlarının yayılmasının güclənməsi ilə yenidən vüsət aldı” – deyə Qasim bildirib.

Bu yaxınlarda Yunus Əmrə Türk Mədəniyyət İnstitutu Türkiyə ordusunun terrorçulardan təmizlədiyi bölgələrdə 300 min suriyalı uşağa türk dili öyrətmək məqsədi ilə filiallar açacaq və burda türk müəllimlər türk dilini tədris edəcəklər.

Birinci əcnəbi dil

Suriya müxalifəti kimi qələmə verilən, gerçəklikdə isə PKK terror təşkilatının Suriya qolu olan “Suriya Demokratik Qüvvələri”nin (SDQ) nəzarət zonası kiçildiyindən və şimal-qərb bölgəsi ilə məhdudlaşdığından bölgədə yaşayan ərəblər, kürdlər çıxılmaz vəziyyətdədirlər. Əslində burda yaşayan həm sünni ərəblər, həm də kürdlər (SDQ üzvləri istisna olmaqla) Türkiyənin dünyaya yeganə çıxış yolu olduğunu anlayırlar.

Türk ordusu və Türkiyə onlar üçün ən azı səviyyəli ali təhsil, ideal səhiyyə xidməti deməkdir.

Rəyi soruşulan bir çox suriyalı hesab edir ki, türk dilini öyrənmək Türkiyə universitetlərində təhsili davam etdirmək, Suriyada yayılmış yardım təşkilatlarında, xidmət şöbələrində və məktəblərdə iş imkanları tapmaq üçün ilk addımdır. Türk dili ən çox üstünlük verilən xarici dildir.

Elə türk dili müəllimi Qasim də hesab edir ki, türk dili Suriyada ən çox ehtiyac duyulan əcnəbi dildir. O, yerli suriyalıları türk dilini öyrənməyə çağırır. Qasim onu da bildirir ki, türklər suriyalıları türk dilində danışmağa əsla məcbur etmirlər və dil öyrənmək sadəcə olaraq, insanların öz seçimidir.

Suriyanın digər bir bölgəsi İdlibə gəlincə, bilindiyi kimi bu bölgə “Heyət Təhrir əl-Şam”ın nəzarətindədir. Hələbin şimalından fərqli olaraq, burda türk dili yayğın olmasa da, türk dili özəl məktəblərdə yalnız ibtidai və hazırlıq səviyyələrində keçilir.

İdlib Universitetinin Dilçilik fakültəsinin birinci kurs tələbəsi Məryəm Əbu Həmdan türk ədəbiyyatını öyrənir. Həmdan hesab edir ki, türk dilini bilməklə geniş imkanlar əldə edəcək.

“Bir çox işlərimiz Türkiyə ilə bağlı olduğundan dilə ehtiyacımız böyükdür, tərcümə və digər sahələrdə də işləyə bilərik” – deyə Həmdan qeyd edib.

Türk dilinin tələbələr üçün bir mədəniyyət növü, arzu edilən bir fənn olduğunu deyən dil müəllimi və tərcüməçi Məhəmməd əl-Qasimin sözlərinə görə, əslində İdlib sakinlərinin türk dilini öyrənmək tələbi də böyükdür. O qeyd edib ki, suriyalılar türklərlə ünsiyyət qurmaq üçün türk dilini öyrənmək istəyirlər.

Bundan əlavə, bəziləri türk dilini mənimsəməyin onların qonşu ölkəyə köçmək və orada işləmək səylərini asanlaşdırdığına inanırlar.

Dolayısı ilə türk dili Suriyanın şimalında gerçəkliyin və gələcəyin dilidir

Ərəbcədən tərcümə etdi: Rufiz Hafizoğlu,

“Trend” Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, “Türk Dünyası” (Turkic.World) media platformasının rəhbəri