Bakı TurkicWorld:
Səhiyyə Nazirliyi işğaldan azad olunan ərazilərə köçürülən vətəndaşlar arasında sağlam həyat tərzinin təşviqi ilə bağlı tədbirləri davam etdirir.
Nazirlikdən TurkicWorld-ə verilən məlumata görə, nazirliyin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu (ETMGİ) martın 1-də Laçın şəhərində yeniyetmə dövründə olan qızlar arasında reproduktiv sağlamlıqla bağlı maarifləndirici aksiya və konsultasiyalar təşkil edib.
ETMGİ-nin həkim mama-ginekoloqları tematik təqdimatlarla çıxış ediblər. İnstitutun həkimləri tərəfindən yeniyetmə dövründə orqanizmdə bir sıra dəyişikliklərin baş verdiyi haqqında məlumat verilib. Bundan əlavə, uşaq planlaşdırarkən, antenatal klinikada müntəzəm müayinələrdən keçməyin vacibliyi vurğulanıb. Həmçinin, şəxsi gigiyena qaydaları ilə bağlı konsultasiyalar verilib.
Təqdimatlardan sonra maarifləndirici aksiya iştirakçılarının sualları cavablandırılaraq, müzakirələr aparılıb.
Tədbir zamanı yeniyetmə qızların reproduktiv sağlamlığı üçün nəzərdə tutulan rəsm sərgisi nümayiş olunub və informativ bukletlər paylanılıb.
Maarifləndirici tədbir və aksiyada 100-ə yaxın qız və onların valideynləri iştirak ediblər.
Sonda tədbirin fəal iştirakçılarına hədiyyələr təqdim olunub.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq sağlam həyat tərzinin təşviqi ilə bağlı maarifləndirici tədbirlərin və müayinə aksiyalarının keçirilməsi nəzərdə tutulub.