“Qonağınız müəllimlərinizdir” layihəsinə başlanılıb

“Qonağınız müəllimlərinizdir” layihəsinə başlanılıb

Baku, TurkicWorld

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rəhbərliyi və müəllimləri “Qonağınızmüəllimlərinizdir” layihəsi çərçivəsində tələbələrin ailələrini ziyarət etməyə başlayıblar.

TurkicWorld xəbər verir ki, İnstitutun İlahiyyat fakültəsinin təşəbbüsü ilə həyata keçirilən “Qonağınız müəllimlərinizdir” layihəsinin məqsədi tələbələrin akademik göstəricilərinin yüksəldilməsi, həmçinin dövrün tələblərinə cavab verən yüksəkixtisaslı dinşünas və islamşünas kadrların hazırlanması üçün ailə və təhsil qurumunun münasibətlərinin inkişaf etdirilməsi, imkanlarının dəyərləndirilməsidir.

Layihə çərçivəsində İlahiyyat fakültəsinin dekanı – i.f.d., dos. Elnurə Əzizova, İslamşünaslıq kafedrasının müəllimləri – f.f.d. Vüqar Səmədov və f.f.d. Faiq Əhmədzadə Sumqayıt şəhərində yaşayan bir neçə tələbənin ailəsini ziyarət ediblər.

Valideynlərə Aİİ-də tələbələr üçün yaradılmış elm və təhsil mühiti, həmçinin övladlarının təhsil nəticələri haqqında məlumat verilib. Hər bir tələbənin elmi və yaradıcılıq potensialı nəzərə alınaraq, onların gələcək perspektivləri haqqında valideynlərlə fikir mübadiləsi aparılıb.

Valideynlər Aİİ rektoru – i.f.d., dos. Aqil Şirinov başda olmaqla, rəhbərliyin və müəllim kollektivinin tələbələrə göstərdikləri qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Aİİ tələbələrin dünyagörüşünün artırılması və formalaşdırılması, intellektual səviyyələrinin yüksəldilməsi, yüksəkixtisaslı dinşünas və islamşünas kadrlar kimi yetişdirilməsi məqsədilə müxtəlif layihələr həyata keçirir.