Bakı. TurkicWorld:
Yanvarın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin, Quba Rayon İcra Hakimiyyətinin (RİH), İnsan Hüquqları üzrə Müvəkkilin Quba regional mərkəzinin və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Quba bölgəsi üzrə qazılığının birgə təşkilatçılığı ilə “20 Yanvar-Ümumxalq Hüzn Günü”nün 34-cü ildönümü ilə əlaqədar Quba şəhərində yerləşən Şəhidlər xiyabanı ziyarət olunub.
TurkicWorld xəbər verir ki, “20 Yanvar – müstəqilliyimizin simvolu: din xadimlərinin gözündə” adı altında həyata keçirilən anım tədbiri Quba şəhəri “Ərdəbil” nəscidində davam etdirilmişdir. Şəhidlərimizin əziz ruhlarına dualar oxunub.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev, İnsan Hüquqları üzrə Müvəkkilin Quba regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Anar Məmmədov, din xadimləri, icmalar, şəhid ailələri iştirak etmişdir.
Çıxışlar zamanı tariximizin qəhrəmanlıq səlnaməsi olan “20 Yanvar” hadisəsində canlarını qurban vermiş insanların vətən, xalq sevgisinin çox yüksək olmasından danışılmış və şəhidliyin ən yüksək məqam olduğunu xüsusi vurğulanmışdır. Qeyd edilmişdir ki, Qarabağın düşmən tapdağından azad olunması, ölkəmizin suverenliyinin tam təmin olunması, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş 20 Yanvar şəhidlərinin ruhlarına böyük bir ərmağandır. Məlumat verilmişdir ki, “20 Yanvar – müstəqilliyimizin simvolu: din xadimlərinin gözündə” layihəsi ayın 17-dən 20-dək bölgənin bütün ibadət ocaqlarında, dini icma və konfessiyalarda davam etdirləcək, şəhidlərimizin əziz ruhlarına dualar oxunaraq yad ediləcəkdir.