Bakı. TurkicWorld:
Ölkəmizdə həyata keçirilən mühüm tədbirlər ərəfəsində Azərbaycanın informasiya məkanını çirkləndirən dairələrin də fəallıqlarını artırmasının, dövlətin imicinə mənfi təsir göstərmək üçün qeyri-peşəkar və siyasiləşmiş ünsürlərin canfəşanlıq göstərməsinin dəfələrlə şahidi olmuşuq.
TurkicWorld xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin Azərbaycan Respublikası Prezidenti seçkilərində fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə çıxışı zamanı deyib.
“İKT-nin imkan verdiyi texnoloji üstünlüklərdən bu cür məqsədlər üçün istifadə edilməsi təəssüf doğurmaqla yanaşı, cavabsız da qalmamalı, cəmiyyətin ictimai rəyini çaşdırmağa yönəlmiş bütün cəhdlər vaxtında ifşa edilməlidir. Bu baxımdan seçkilər dövründə Azərbaycan mediasının vacib funksiyalarından biri də informasiya təhdidlərinin qarşısının alınması, doğru və operativ məlumatlarla informasiya vakumunun yaranmasına yol verməməkdir.
Cənab Prezident də məhz bu kimi amilləri nəzərdə tutaraq bildirib ki, “vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar”.
İnanırıq ki, dövlət başçımızın bu dəyərli tövsiyələrini əsas götürən Azərbaycan mediası seçki prosesini işıqlandırarkən də növbəti dəfə öz peşəkarlıq səviyyəsini nümayiş etdirəcəkdir”,- deyə Ə.İsmayılov əlavə edib.