Bakı. TurkicWorld:
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkədə fəaliyyət göstərən laboratoriyalar üçün səriştəlilik sınaqlarını davam etdirir.
Laboratoriyalar dekabr ayında keçirilməsi planlaşdırılan Aflatoksin müayinəsi üzrə səriştəlilik sınağına qatılmaq üçün 1 dekabr 2023-cü il tarixinədək İnstituta müraciət edə bilərlər. Növbəti səriştəlilik sınağı proqramı ilə AQTİ-nin rəsmi saytı (afsi.gov.az) vasitəsilə tanış olmaq mümkündür. Saytda yaradılan “Səriştəlilik sınaqları” adlı bölmədə bu səriştəlilik sınağı barədə məlumat və laboratoriyaların həmin sınaqda iştirak etməsi üçün lazım olan sənədlər (“Müraciət forması”, “Proqram”) yerləşdirilib. Sınaqda iştirak etmək istəyən laboratoriya saytdakı müvafiq bölmədə yerləşdirilən “Müraciət forması”nı dolduraraq info.pt@afsa.gov.az elektron poçtuna göndərməlidir. Müraciətlər qəbul edildikdən sonra müqavilə və digər məlumatlar elektron poçt vasitəsilə individual olaraq iştirakçılara göndərilir.
Səriştəlilik sınaqlarının nəticələri sınaqlar yekunlaşdıqdan sonra İnstitutun saytında yerləşdiriləcək. Laboratoriyaların nəticələri konfidensiallığı qorumaq məqsədilə individual laboratoriya nömrələri ilə açıqlanacaq.
Sınaqlar ISO 17043 “Uyğunluğun Qiymətləndirilməsi-Səriştəlilik Sınaqlarına Ümumi Tələblər" standartı əsasında təşkil edilir və qiymətləndirmələr bu standartın tələblərinə əsasən beynəlxalq standartlara uyğun olaraq aparılır.
Onu da bildirək ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təşkil olunan sınaqların məqsədi laboratoriyaların səriştəliliklərini qiymətləndirmək imkanını yaratmaqdan ibarətdir. Müvafiq qanuna əsasən dövlət nəzarəti və tənzimlənməsi tədbirləri çərçivəsində, habelə bu qanunla müəyyən edilmiş icazələrin verilməsi üçün götürülmüş nümunələrin tədqiqi (sınağı) yalnız “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada akkreditasiyadan keçmiş laboratoriyalarda aparılmalıdır.