Bakı. TurkicWorld:
Təhsilli qadınlar daha bacarıqlı işçi qüvvəsi deməkdir.
TurkicWorld xəbər verir ki, bunu Etimad Tədbirləri üzrə Konfransın (CICA) baş katibinin müavini Zhang Ling Bakıda “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
"Təhsilli qadın həmçinin yoxsulluğun azalmasıdır. Qadınlar qlobal kənd təsərrüfatı sahəsinin 43 faizini təşkil edir. Bu səbəbdən qida təhlükəsizliyi sahəsində qadınların rolu danılmazdır. Qadınlar həmçinin qlobal problemlərin həllində mühim rol oynayır",- deyə o, qeyd edib.
Qeyd edək ki, Bakıda Qoşulmama Hərəkatının konfransı keçirilir. Konfrans Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycan Respublikası ilə yanaşı, təsisatın növbəti sədrləri kimi Uqanda və Özbəkistanın birgə təşkilatçılığı ilə baş tutur.
Tədbirdə Qoşulmama Hərəkatına üzv ölkələrin, həmçinin təsisat yanında müşahidəçi statusuna malik dövlətlərin, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin xüsusi qonaq qismində dəvət olunan yüksək vəzifəli rəsmi şəxslər də daxil olmaqla, ümumilikdə 60-a yaxın nümayəndə heyəti iştirak edir.