Bakı. TurkicWorld:
Ölkəmizdə 16 nazirdən 9-u qadındır. Bu isə ümumi nazirlərin 56 faizinin qadınlardan ibarət olduğunu göstərir.
TurkicWorld xəbər verir ki, bunu Nikaraqua Qadın işləri naziri Jessica Yahoska Padilla Leiva Bakıda "Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
"Ölkəmizdə qadınların hüquqlarının qorunması ən vacib məsələlərdəndir və bir çox ictimai sferada qadınlar rəhbər vəzifədədir. Yoxsulluğun azaldılması, səhiyyə, təhsil, əmək sektorunda insan hüquqları strukturu qurmaq üçün əlimizdən gələni edirik",- deyə o əlavə edib.
Qeyd edək ki, Bakıda Qoşulmama Hərəkatının konfransı keçirilir. Konfrans Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycan Respublikası ilə yanaşı, təsisatın növbəti sədrləri kimi Uqanda və Özbəkistanın birgə təşkilatçılığı ilə baş tutur.
Tədbirdə Qoşulmama Hərəkatına üzv ölkələrin, həmçinin təsisat yanında müşahidəçi statusuna malik dövlətlərin, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin xüsusi qonaq qismində dəvət olunan yüksək vəzifəli rəsmi şəxslər də daxil olmaqla, ümumilikdə 60-a yaxın nümayəndə heyəti iştirak edir.