Son dəqiqə

Quba

Qubada 16 noyabr Beynəlxalq Toleratlıq Gününə həsr olunmuş dəyirmi masa keçirilib

Bakı. TurkicWorld:

15 noyabrda Quba şəhərində, Beynəlxalq Toleratlıq Gününə həsr olunmuş dəyirmi masa formatında seminar keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin, Quba Rayon İcra Hakimiyyətinin (RİH) və İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən seminarda DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Elnur Ağasiyev, Quba RİH İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Anar Məmmədov, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzinin əməkdaşı Murad Əsgərov, müsəlman və qeyri-müsəlman dini icmalarının nümayəndələri iştirak edib.

Çıxışlarda qeyd edildi ki, Azərbaycanda tarix boyu bütün dinlərin nümayəndələri harmoniya və qardaşlıq mühitində yaşayıblar. Dövlətin bu sahəyə xüsusi diqqəti var. Bu gün Azərbaycanda 37 qeyri-müsəlman dini icması rəsmi olaraq dövlət qeydiyyatından keçib. Ölkəmizdə müsəlmanlar, xristianlar, yəhudilər və digər dini icmaların nümayəndələri mehriban şəraitdə yaşayırlar. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qarşıya qoyulan əsas məsələlərdən biri dövlət-din münasibətlərinin tənzimləməsi olub. Bildirilib ki, multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olmuş, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib. Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə yaşayır.

Dəyirmi masada çıxış edən dini icma nümayəndələri birgəyaşayışla bağlı meyillərin gücləndirilməsi üçün ölkəmizdə zəruri tədbirlərin həyata keçirildiyindən, Azərbaycandakı mövcud dini-etnik dözümlülük, müxtəlif mədəniyyətlər arasındakı sivil dialoqun dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları tərəfindən təqdir olunmasından danışıblar.

Mövzuya görə xəbərlər