Ermənilər işğal dövründə hidrometeoroloji müşahidə məntəqələrini də sıradan çıxardıb - Nazir

Ermənilər işğal dövründə hidrometeoroloji müşahidə məntəqələrini də sıradan çıxardıb - Nazir

Bakı. TurkicWorld:

Azad olunmuş ərazilərimizdə yerləşən hidrometeoroloji müşahidə məntəqələrində işğal müddətində müşahidələr dayandırılıb və müşahidə cihazları da daxil olmaqla bütün infrastruktur sıradan çıxarılıb.

TurkicWorld xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Türk Dünyası II Meteorologiya Forumunda çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, hazırda həmin ərazilərdə ekoloji qiymətləndirmə və bərpa işləri davam edir.

"Axan çaylar üzərində 11 avtomat hidroloji stansiya, 6 avtomat meteoroloji stansiyası quraşdırılışdır. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" ilə bağlı müvafiq sərəncamına əsasən qarşıdakı illər ərzində bu müşahidə şəbəkəsi daha da genişlənəcəkdir.

Yenidənqurma işlərində "yaşıl" texnologiyaların tətbiqi həmin əraziləri yüksək keyfiyyətli ekoloji mühit və "yaşıl enerji" məkanına çevirəcək. Bu tədbirlər həm iqlim dəyişmələrinə təsirlərin azaldılması, həm də bu təsirlərə daha dayanıqlı olmağa imkan verəcək",- deyə M.Babayev əlavə edib.

Xatırladaq ki, 19 fevral 2021-ci il tarixində Türkiyənin Ankara şəhərində Türk Dünyası I Meteorologiya Forumu keçirilib.