Bakı. TurkicWorld:
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin, Quba Rayon İcra Hakimiyyətinin (RİH), İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzinin və Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə 4 noyabrda, Quba şəhərində, “Ata vəsiyyəti: İnamlı Zəfər, milli-mənəvi həmrəyliyin Şuşa zirvəsi” mövzusunda regional konfrans keçirilib. Konfransda, DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Quba RİH İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Anar Məmmədov, Quba Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Məryəm Hacıyeva, Qafqaz Müsəlmanları İdarəsinin Quba, Qusar və Xaçmaz rayonları üzrə qazısı Naib Səttarov, regionun din xadimləri, dini icmalar, təhsil və mədəniyyət sahəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri və gənclər iştirak edib.
Konfransda çıxışlar zamanı qeyd edilib ki, 8 Noyabr Zəfər Bayramı ərəfəsindəyik. Üç il əvvəl bu günlərdə Ermənistanın 30 ilə yaxın davam edən işğalına son qoymaq üçün xalqımız öz dövləti, ordusu ətrafında bir yumruq kimi birləşərək, 44 günlük çətin, ağrılı, eyni zamanda, şərəfli, qürurlu, tariximizə qızıl hərflərlə yazılacaq bir mərhələyə qədəm qoydu. Bildirildi ki, Vətən müharibəsinin ilk günlərindən başlayaraq Azərbaycan Ordusu üstünlüyü ələ aldı, düşmənə ağır zərbələr endirdi. 2023-cü ilin 19-20 sentyabr tarixində isə Azərbaycan dövləti tərəfindən aparılan antiterror əməliyyatları zamanı ölkəmizin suverenliyi tam olaraq bərpa edildi. Ölkəmizin tarixi ərazilərinin işğaldan azad edilməsi zamanı öz həyatlarını Azərbaycanın suverenliyi uğrunda fəda etmiş övladlarını xalqımız heç zaman unutmayacaqdır.
Konfrans iştirakçılarına DQİDK-nın tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən ərsəyə gətirilmiş “Müzəffər Komandan” filmi təqdim edildi.